Ankaradan gələn MÜHÜM MESAJ – Türk əsgəri Ukraynaya GEDİR?
“Ukraynada Türkiyənin iştirakına əsas maneə onun NATO üzvlüyüdür. Çünki Rusiyanın mövqeyinə görə, Ukraynadakı müharibə məhz NATO-nun Ukraynaya doğru genişlənməsi prosesindən qaynaqlanıb”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
Analitik Türkiyənin Ukraynada sülh əldə ediləndən sonra bu ölkəyə sülhməramlı missiya göndərəcəyi ilə bağlı səslənən iddiaları şərh edib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən məsələni istisna etməyib.
Proseslərə toxunan tarixçinin sözlərinə görə, bu müharibənin, əslində, Rusiyaya qarşı NATO-nun dolayı yolla apardığı bir müharibə olduğu barədə kifayət qədər faktlar mövcuddur:
“Məqsəd Rusiyanı Ukraynaya cəlb etmək və onu Ukrayna millətçiləri ilə NATO-nun birgə səyləri vasitəsilə zəiflətmək idi. Belə olan halda, döyüş meydanında üstünlüyə sahib olan və ABŞ Prezidentinin dəstəyini qazanmış Rusiya tərəfi Ukraynada hər hansı NATO iştirakına etiraz edəcək. Əslində, “Xüsusi Hərbi Əməliyyat”ın başlanmasının səbəbi də NATO-nun Ukraynada mövcudluğunun qarşısını almaq idi. Ona görə də Putin istəsə belə, belə bir vəziyyətə razı qalması çox çətin olardı”.
Müsahibimiz söyləyib ki, bəzi mənbələr Putinin Prezident Ərdoğanla münasibətlərinin fərq yarada biləcəyini irəli sürürlər:
“Lakin bu məsələ yenə də problemli olaraq qalır, çünki Türkiyə NATO üzvüdür. Digər tərəfdən, Ukrayna üçün təhlükəsizlik qalxanının yaradılması ilə bağlı ciddi problemlər mövcuddur. Ən sonda bu məsələ Rusiyanın xoş niyyətindən asılı olacaq və həmin xoş niyyət yalnız funksional bir razılaşmanın əldə olunması halında mümkündür. Məhz buna görə də Tramp Ukrayna və Avropanın atəşkəs tələbini arxa plana keçirib. Çünki atəşkəs yalnız müharibədə qısa fasilə yaradar, lakin münaqişəni sona çatdırmaz”.
Rafi Müslümov