Ann Brassör: “Krım ilə Qarabağ fərqli məsələlərdir”
Ukrayna böhranı ilə Dağlıq Qarabağ fərqli məsələlərdir. Rəsmi Moskva Krımı Rusiyaya birləşdirdi və bu, beynəlxalq hüququn pozulması ilə baş verdi.
Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brassör Bakıda keçirdiyi mətbuat konfransında “Krıma görə qurumda Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi qərarının niyə Ermənistan haqqında qəbul edilməməsi”nə dair sualı cavablandırarkən bildirib.
O bildirib ki, Krımın birləşdirilməsidən sonra AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum etdi, amma mandata xitam verilmədi:
“Biz müzakirələrin davam etdirilməsi imkanını saxladıq, çünki ruslar olmadan həll yollarını tapa bilmərik”.
Dağlıq Qarabağla Ukrayna böhranının fərqli məsələlər olduğunu bir daha vurğulayan Brassör, bütün üzv dövlətlərdə ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. O əlavə edib ki, bu o demək deyil ki, Dağlıq Qarabağdakı vəziyyət qəbulediləndir.