“Ermənilər darmadağın olacaqlarını görüb, atəşkəs üçün vasitəçiləri araya saldılar, əməliyyatlar dayandırıldı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda 2016-cı ilin məlum Aprel döyüşləri ilə əlaqədar araşdırmaların davam etdirilməsinə, eyni zamanda, keçmiş xarici işlər naziri Edvard Nalbandyan da daxil olmaqla, yüksək çinli sabiq məmurların bu prosesə cəlb olunmalarına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, Ermənistan hakimiyyəti Qarabağ müharibəsinin başladığı tarixdən indiyə qədər cəbhədə üzləşdiyi itkiləri hər zaman ciddi-cəhdlə gizlətməyə çalışır:
“Üstündən 25 il keçdikdən sonra tərəfsiz ekspert və beynəlxalq təşkilatların apardıqları araşdırmaların nətricələri də göstərir ki, işğalçı Ermənistan bu müharibədə rəsmi statistikada göstərdiyindən qat-qat çox itki verib.
Azərbaycanın itkilərinə gəldikdə isə bu rəqəmlərə işğalçılar tərəfindən qətlə yetirilmiş mülki vətəndaşlar da daxil edildiyi üçün kiməsə böyük görünə bilər. Ancaq sırf döyüş itkilərini götürdükdə, Azərbaycanın itkiləri Ermənistanla müqayisədə azdır ki, çox deyil.
2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycanın ani əks-hücumu, düşmən tərəfin arxayınlığı, “Ohanyan səddi”nin qısa müddətdə keçilməsi, ordumuzun istifadə etdiyi ən müasir silahlar düşməni şok vəziyyətinə saldı. Əsgərlərimiz verilmiş döyüş tapşırıqlarını vaxtından əvvəl uğurla yerinə yetirdilər.
Bəziləri indi də sual verirlər ki, dörd il əvvəl nəyə görə daha çox ərazimiz işğaldan azad edilmədi, əməliyyatlar niyə genişləndirilmədi və sair… Bu sualı verənlər başa düşməlidirlər ki, Ordu əmrə tabe olan spesifik strukturdur, ona hansı tapşırıq verilsə, o da yerinə yetirilməlidir.
Aprel döyüşləri zamanı Azərbaycan ordusu psixoloji cəhətdən ermənilərdən xeyli üstün vəziyyətdə idi. Dörd il əvvəl də ermənilər darmadağın olacaqlarını görüb, atəşkəs üçün vasitəçiləri araya saldılar, əməliyyatlar dayandırıldı. Buna baxmayaraq, az müddətdən sonra ermənilər itirdikləri əraziləri qaytarmaq üçün hücuma keçsələr də, geri oturduldular. Bu zaman Azərbaycan ordusu öz hərbi arsenalının az hissəsindən istifadə etdi. Hər iki tərəfin əsas döyüş itkiləri məhz bu əməliyyatlarda qeydə alındı. Ermənistanın itkiləri Azərbaycanla müqayisədə rəsmi rəqəmlərdə 3, qeyri-rəsmi rəqəmlərdə isə 5 dəfə çox oldu.
Bu itkilərin miqyası və nəticələri o qədər böyükdür ki, Ermənistanın yeni rəhbərliyi Aprel döyüşləri ilə bağlı təhqiqatı davam etdirməyə qərar verib. Prosesə keçmiş nazirlər və başqa vəzifəli şəxslər də cəlb olunublar. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri zamanı Ermənistan sarsıdıcı zərbə alıb”.
Səxavət Məmməd
www.yenicag.az