Bağışla ana, məni bağışla. Bəxtim gətirmədi. Şəhid olmadım. Səni şəhid anası edə bilmədim. Məclislərdə yuxarı başda oturda bilmədim. Əllərini öpdürə bilmədim.
Bağışla məni, məni bağışla. Şəhidlər xiyabanında dəfn oluna bilmədim. Qara mərmərdən, bahalı mərmərdən baş daşım olmadı. Doğum günümdə, anım günümdə dostlarımı, qohumlarımı başıma yığa bilmədim. Məzarım gülə-çiçəyə bürünmədi. Şəkillərim yol kənarına vurulmadı. Adıma bulaq tikilmədi. Bu bulaqdan hər su içənə ruhuma dualar oxutdura bilmədim.
Bağışla məni, məni bağışla, şəhid ola bilmədim. Şəhid ola bilmədim ki, haqqımda kitablar yazıla, filmlər çəkilə, qəzetlərin birinci səhifəsində gülümsər şəkillərim çap olunmadı.
Sinif yoldaşlarım, müəllimlərim haqqımda ürək dolusu təriflər söyləyərdi. Düzdü, 3 il oxusam da, deyərdilər ki, ən savadlı şagird idi. Heç onu oynaya bilməsəm də, deyərdilər ki, çox gözəl hücumçu idi, idmançı idi, dəliqanlı idi. Bütün məktəb mənimlə fəxr edirdi.
Bağışla ana, bağışla, mən şəhid olmadım, olammadım. Özümü ən ağır döyüşlərə atsam da, yanımda qardaşlarım düşmən mərmisindən parça-parça olub, şəhidlik zirvəsinə yüksəlsə də, mənim bəxtim gətirmədi. Namərd güllə həmişə məndən yan keçdi. Köynəyimə tikdiyin duamı qorudu məni?! Tapşırdığın Həzrət Abbasmı sinəsini verdi mənə atılan güllələrə?! Bilmirəm. Tapşırdığın Həzrət Abbas canımı qorudu, amma yaxamı qoruya bilmədi. Qurban olduğuma analar o qədər adam tapşırmışdılar ki, hamısına yetişə bilmədi, yanımdakı qardaşımı xilas etməyə baş qarışanda namərd güllələri ayaqlarımı apardı.
Bağışla ana, bağışla, sənə söz vermişdim ki, səni Ağdama aparacam, Şuşaya aparacam, özü də kürəyimdə. Belə qismət imiş. İnşallah, sən məni apararsan kürəyində. Necə uşaq vaxtı kürəyinə şəlləyərdin, indi də şəlləyərsən kürəyinə, apararsan məni Ağdama, Şuşaya.
Ana, mən Şuşanı gördüm, dostlarımın kürəyində gördüm. Sən necə uşaq vaxtı məni kürəyinə şəlləyərdin, onlar da məni elə kürəklərinə şəlləmişdilər, qaldırdılar Şuşaya. Gördüm o müqəddəs Kəbə torpağını.
Bağışla ana, bağışla, mən şəhid olammadım, indi sənə yük olmuşam. Şəhid olsaydım, bir gün, iki gün, qırx gün ağlayardın. İndi səni hər gün ağladıram. Səhər yuxudan durğuzanda da, axşam məni yatağa uzandıranda da. Qapı döyüləndə səksənmə ana, səksənmə. Qonşumuz şəhid qardaşımın anasıdı. Gəlib sənə təskinlik verməyə. Hərçənd ki, onun özünün təskinliyə ehtiyacı var.
Ağlama ana, sil gözünün yaşını. Təki Vətən sağ olsun! Atasını çox erkən itirmiş şair Vaqif Bəhmənlinin bir şeiri var ana. Yazır ki, anam qardaş doğmaz indən belə. Sən də mənə qardaş doğammazsan indən belə. Bütün şəhidləri qardaşım bil, ana. Bütün qaziləri qardaşım bil, ana. Sil gözüyün yaşını.
Təki Vətən sağ olsun!
Qoy həmişə günəş olsun,
Qoy həmişə səma olsun.
Qoy həmişə anam olsun,
Mən olmasam da olar!
www.yenicag.az