Metrodakı turniketlər ABB kartlarını niyə "bloklayır"? – ŞİKAYƏT VAR
ABB bank kartı ilə metro ödənişlərində yaranan texniki uyğunsuzluq vətəndaşın ictimai nəqliyyatdan istifadəsini faktiki olaraq mümkünsüz edib.
Yenicag.az xəbər verir ki, metrodan istifadə etmək istəyən vətəndaş ciddi problemlə qarşılaşıb.
Belə ki, bir neçə gün əvvəl vətəndaş Bakı Metropoliteninə giriş zamanı ABB bank kartı ilə ödəniş etməyə cəhd göstərib. Həmin anda kartda kifayət qədər vəsaitin olmadığı unudulub. Daha sonra karta vəsait əlavə edilsə də, sistem tərəfindən yarımçıq qalan ödəniş icra olunmayıb və balansdan heç bir məbləğ tutulmayıb.

Hadisədən bir neçə gün sonra vətəndaş yenidən metrodan istifadə etmək istəyərkən turniketlərdə kartına məhdudiyyət qoyulduğu barədə bildirişlə qarşılaşıb. Dəfələrlə cəhd edilməsinə baxmayaraq, metroya giriş mümkün olmayıb. Bu vəziyyət ictimai nəqliyyatdan istifadəyə maneə yaradaraq vətəndaşı çətin durumda qoyub.
Məsələ ilə bağlı ABB-yə müraciət edilsə də, bank əməkdaşları kartdakı məhdudiyyətin aradan qaldırılmasının onların səlahiyyətində olmadığını və problemin qarşı tərəfdən asılı olduğunu bildiriblər. Vətəndaş isə məsuliyyətin hansı qurumun üzərində olduğunu müəyyən edə bilmədiyini, qurumlar arasında koordinasiya çatışmazlığının insanlara əlavə problemlər yaratdığını qeyd edərək məsələnin qısa müddətdə həll olunmasını tələb edir.
Yenicag.az












