Putinin gizli silahı: İnsan hüquqları pərdəsi altında qlobal casus şəbəkəsi

media-hightechnic-468x90

Rusiyanın “xaricdəki yurddaşlara yardım” adı altında yaratdığı mexanizmin, əslində, qlobal agentura və təsir şəbəkəsi olduğu üzə çıxıb. Əldə edilən on minlərlə daxili yazışma göstərir ki, Moskva tərəfindən maliyyələşdirilən “Pravfond” illərdir, insan haqqları pərdəsi altında casusları, kriminal fiqurları və Kremlin təbliğatçılarını sistemli şəkildə dəstəkləyib.

2012-ci ildə “xaricdə yaşayan rusların hüquqlarını qorumaq” məqsədi ilə yaradılan “Pravfond” rəsmi olaraq hüquqi yardım fondu kimi təqdim edilsə də, sızdırılan sənədlər onun real funksiyasının tamam fərqli olduğunu ortaya qoyur. Yazışmalar fondun on ildən artıq müddətdə dünyanın müxtəlif ölkələrində minlərlə şəxs və təşkilata milyonlarla dollar həcmində qrant ayırdığını göstərir. Bu vəsaitlər isə sadəcə hüquqi müdafiəyə yox, Rusiya kəşfiyyatının maraqlarına xidmət edən əməliyyatlara yönəldilib.

Araşdırmalar fondun fəaliyyətinin birbaşa Rusiya xüsusi xidmət orqanları ilə koordinasiya olunduğunu göstərir. Baltik ölkələrindən Avstraliyaya, Almaniyadan Moldovaya qədər uzanan bu şəbəkə vasitəsilə casusluqda ittiham olunan şəxslərin vəkil xərcləri ödənilib, Rusiyanın maraqlarını təbliğ edən media platformaları maliyyələşdirilib, Kremlin narrativlərini yayan “diaspor liderləri” formalaşdırılıb. Avropa təhlükəsizlik qurumlarının qiymətləndirməsinə görə, “Pravfond” faktiki olaraq FSB və GRU üçün örtük rolunu oynayıb.

Fondun maliyyələşdirdiyi şəxslər arasında Krımın işğalı zamanı silahlı qruplaşmaya rəhbərlik etmiş şəxslər, Avropada Rusiya xeyrinə casusluqda ittiham olunaraq həbs edilənlər, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə təbliğ edən fəallar yer alıb. Sənədlərdən aydın olur ki, “Pravfond” bu şəxsləri təkcə pulla yox, diplomatik və siyasi lobbi imkanları ilə də qoruyub. Bəzi hallarda fondun müdaxiləsi nəticəsində konkret şəxslər üçün Rusiya vətəndaşlığının sürətləndirildiyi, yaxud onların məsuliyyətdən yayınmasına şərait yaradıldığı görünür.

Xüsusilə diqqət çəkən məqam fondun Baltik ölkələrinə xüsusi fokuslanmasıdır. Bütün qrantların təxminən beşdə biri Latviya, Estoniya və Litvaya yönəlib. Bu ölkələr Moskva tərəfindən “itirilməkdə olan təsir zonası” kimi qiymətləndirilir. “Pravfond” həmin ölkələrdə “hüquqi yardım mərkəzləri” adı altında strukturlar yaradaraq, həm yerli rusdilli əhalini nəzarətdə saxlamaq, həm də Kreml üçün informasiya və təsir kanalları formalaşdırmaq məqsədi güdüb.

Fondun fəaliyyəti təkcə hüquq və siyasətlə məhdudlaşmayıb. Araşdırmalar göstərir ki, “Pravfond” Rusiya işğallarını haqq qazandıran dərsliklərin hazırlanmasını maliyyələşdirib, Rusiyapərəst “Telegram” kanallarını saxlayıb, Avropada yüzlərlə Kremlin mövqeyini müdafiə edən materialın dərcinə pul ayırıb. Bu fəaliyyətlər Rusiya dövlətinin “diaspor – təsir aləti” konsepsiyasının praktiki icrası kimi qiymətləndirilir.

Bütün bunlar Avropa İttifaqının 2023-cü ildə “Pravfond”a sanksiya tətbiq etməsinə baxmayaraq, davam edib. Sızan yazışmalar göstərir ki, sanksiyalardan sonra belə fond Avropa ölkələrindəki tərəfdaşlarına pul köçürməyin yollarını tapıb. Bu isə artıq beynəlxalq sanksiyaların sistemli şəkildə pozulması şübhələrini doğurur.

Araşdırmaçı jurnalistlərin qiymətləndirməsinə görə, “Pravfond” hadisəsi tək bir fondun ifşası deyil, bu, Putin dövründə formalaşmış rus agentura sisteminin necə işlədiyini göstərən açıq nümunədir. Hüquqi yardım, mədəni fəaliyyət, diaspora qayğı kimi təqdim olunan mexanizmlər, əslində, Moskvanın geosiyasi maraqlarını irəli aparan, casusluqdan təbliğata qədər uzanan geniş bir şəbəkənin elementləridir.

Nəticədə ortaya çıxan mənzərə aydındır: “Pravfond” sadəcə bir fond deyil, Rusiyanın xaricdəki təsir əməliyyatlarının maliyyə və koordinasiya mərkəzlərindən biridir. İnsan haqqları pərdəsi isə bu agentura sisteminin ən effektiv örtüyü kimi istifadə olunub.

Yayımlanan sənədlər və açıq mənbə araşdırmaları göstərir ki, “Pravfond” Cənubi Qafqazda, o cümlədən Azərbaycanla bağlı fəaliyyətini konkret mexanizmlər üzərindən qurub. Sızdırılmış yazışmalarda fondun Ermənistan və Gürcüstan üzərindən regionu əhatə edən hüquqi layihələrə qrant ayırdığı, Rusiyada yaşayan Qafqaz əsilli şəxslərin – xüsusilə siyasi və ya təhlükəsizlik xarakterli işlərdə adı keçənlərin – vəkil xərclərinin selektiv şəkildə ödənildiyi görünür. “Pravfond” sənədlərində Azərbaycanla bağlı ayrıca ölkə proqramı olmasa da, Bakıda deyil, Moskvada və üçüncü ölkələrdə fəaliyyət göstərən azərbaycanlı hüquqşünaslar, “diaspor fəalları” və vasitəçi təşkilatlar üzərindən işlədiyi qeyd olunur. Bu sxem çərçivəsində Rusiyanın region siyasətini tənqid edən şəxslər yardım siyahısından kənarda saxlanılıb, əvəzində Kreml narrativlərinə uyğun mövqe tutan azərbaycanlı və qafqazlı fiqurlara hüquqi və informasiya dəstəyi göstərilib. Təhlükəsizlik analitiklərinin qiymətləndirməsinə görə, bu faktlar “Pravfond”un Azərbaycanda açıq struktur yaratmadan, diaspor, biznes və hüquq əlaqələri üzərindən “çox da üzdə olmayan agentura təsiri” formalaşdırdığını göstərir.

“Yeni Çağ” Araşdırma Qrupu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa