ABŞ-İran qarşıdurmasında YENİ MƏRHƏLƏ: Müharibə, yoxsa masaya məcburetmə?

media-hightechnic-468x90

“Vaşinqtonun əsas məqsədi İrana qarşı müharibə deyil, hərbi təzyiq yolu ilə onu danışıqlara məcbur etməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşirli deyib.

media-7a09c8e4-f99e-486b-a5b5-bcac61189f75

E. Mirbəşirli ABŞ-nin zərbələr endirməsi ilə bağlı İrana 48 saat möhlət verməsi barədə yayılan xəbərləri şərh edib. O bildirib ki, hazırkı reallıqlar fonunda ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirəcəyinə dair real əlamətlər görünmür:

“Həm ritorik, həm də praktiki baxımdan ABŞ güc nümayiş etdirir. ‘Abraham Lincoln’ aviadaşıyıcısı daxil olmaqla, zərbə qrupları İranın yerləşdiyi regiona istiqamət alıb. Lakin ABŞ Prezidenti Donald Trampın son bəyanatlarında İrana hər hansı razılaşmaya getməyi təklif etdiyi görünür. Ona görə də İrana hücumla bağlı yayılan fikirlərin daha çox konspiroloji xarakter daşıdığını düşünürəm.

2025-ci ilin iyununda İrana lokal aviazərbələr endirildi. Əgər ABŞ–İran qarşıdurması tam açıq müstəviyə keçərsə, bu halda yenidən lokal hərbi zərbələrin endirilməsi ehtimalı istisna deyil. Trampın yaxın çevrəsində də İrana qarşı hansı formada zərbələrin endirilə biləcəyi müzakirə olunur. Buraya lokal hərbi zərbələr, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərin bombalanması, eləcə də daha genişmiqyaslı aviazərbələr daxildir.

İranın xarici işlər naziri Abbas Əraqçı nüvə məsələsi üzrə danışıqlara hazır olduqlarını bildirir. İran tərəfi buna razılıq versə də, müdafiə sistemi ilə bağlı hər hansı müzakirəni qəti şəkildə rədd edir. ABŞ isə, xüsusilə Tramp administrasiyası, Tehranın hansı şərtlərlə razılaşmalı olduğunu açıq ifadə etmir. Bununla belə, əvvəlki yanaşmalara əsasən, əsas tələblər uranın zənginləşdirilməsinin dayandırılması və İranın HƏMAS, ‘Hizbullah’ və husilər kimi proksi qüvvələrə verdiyi dəstəyin kəsilməsi olub.

Hazırda bu tələblərə İranın uzaqmənzilli ballistik raketlərin istehsalını dayandırması ilə bağlı yeni şərtin əlavə edildiyi ehtimal olunur. İran son dövrlərdə bu sahədə istehsalı genişləndirib və ölkə rəhbərliyi müdafiə sisteminin tam hazır olduğunu, hücum imkanlarına malik olduqlarını bəyan edir.

Bütün bunlar Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazır olmadığını göstərir. Belə bir ssenari regionda ciddi eskalasiyaya səbəb ola bilər; Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə də daxil olmaqla bir sıra ölkələr ABŞ-ın İrana hücumuna açıq şəkildə qarşı çıxırlar. Eyni zamanda, ABŞ daxilindəki siyasi proseslər Trampı daha ehtiyatlı davranmağa vadar edir. Mövcud reallıqlar fonunda Vaşinqtonun əsas məqsədi İrana qarşı müharibə deyil, hərbi təzyiq yolu ilə onu danışıqlara məcbur etməkdir və Tehran da dialoq imkanlarını açıq saxlayır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa