Prezident onlara yol açır, məmur zehniyyəti isə… – Gənclərin üzləşdiyi ACI GERÇƏKLƏR

media-hightechnic-468x90

Azərbaycanda gənclərlə bağlı dövlət səviyyəsində verilən mesajlar aydındır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkənin gələcəyi savadlı, bacarıqlı və təşəbbüskar gənclərin üzərində qurulmalıdır. Son illər gənclərin təhsili, startaplar, sosial layihələr və kadr ehtiyatı ilə bağlı həyata keçirilən proqramlar da bunun bariz sübutu kimi təqdim olunur.

Amma problem mesajda deyil. Problem bu mesajların icra prosesində məmur zehniyyətinə çırpılıb məhv olmasındadır. Prezident gənclərə yol açmaqdan danışır, amma orta və aşağı idarəetmə səviyyəsində bu yol sistemli şəkildə bağlanır. Nəticədə dövlətin bəyan etdiyi hədəflərlə gənclərin yaşadığı reallıq bir-birini təkzib edir.

Rəqəmlərdə “stabillik”, həyatda çöküş

Rəsmi statistikaya görə, ölkədə işsizlik səviyyəsi təxminən 5–5,3 faiz civarında göstərilir. Gənclər arasında isə bu rəqəm 13–14 faizə qədər yüksəlir. Amma bu da tam mənzərəni əks etdirmir. Çünki statistik hesabatlarda yarımştat çalışan, müvəqqəti iş tapan və ya ixtisasından kənar sahələrdə fəaliyyət göstərən minlərlə gənc “işsiz” kateqoriyasına daxil edilmir.

Ali təhsilli gənclərin əhəmiyyətli hissəsi ya xidmət sektorunda çalışır, ya da ixtisası ilə heç bir əlaqəsi olmayan işlərdə fəaliyyət göstərir. Bu, rəsmi sənədlərdə “məşğulluq” adlansa da, real həyatda potensialın boğulmasıdır. Bir ölkədə diplomlu gənc kuryerliyə, taksi sürücülüyünə, satıcılığa və ya təsadüfi işlərə məcbur qalırsa, problem gəncdə deyil, sistemdədir. Məsələn, ötən gün gəldiyim taksinin sürücüsü universiteti fərqlənmə diplomu ilə bitirdiyini, bir müddət Təhsil İnstitutunda müqavilə ilə çalışdığını, hazırda isə xaricə getmək üçün pul topladığını deyirdi. Olduqca intellektual, dünyagörüşü yüksək bir gənc idi. Belə bir gəncin taksi sürməsimi, yoxsa ölkəni tərk etmək istəyimi insanı daha çox məyus edir, bilmirəm. Ancaq bildiyimiz odur ki, bu vəziyyətdə olan gənclər az deyil. Səbəbi isə…

Seçilmişlər siyahısı

Dövlət qurumları, bank sektoru, gömrük, logistika və iri şirkətlərdə real rəqabət demək olar ki, yoxdur. Vakansiyalar açıq elan edilsə də, çox vaxt nəticə əvvəldən məlum olur. Seçim savada və bacarığa görə deyil, mənsubiyyətə və tanışlığa görə aparılır.

Minlərlə gənc eyni vakansiyaya müraciət edir, lakin cəmi bir neçə nəfər işə götürülür ki, onların da böyük hissəsi artıq sistemin içindən gələnlər olur. Bu mənzərə gənclərdə haqlı bir sual yaradır: “Əgər hər şey əvvəlcədən həll olunubsa, niyə oxuyum, niyə inkişaf edim?”

Məmur zehniyyətinin yaratdığı əngəllər

Əsas əngəl qanun boşluğu deyil, icraçı zehniyyətidir. Bir çox məmur üçün savadlı, müstəqil düşünən gənc üstünlük deyil, risk faktorudur. Çünki belə gənc sual verə bilər, müqavimət göstərər, köhnə və yararsız qaydaları qəbul etməz. Ona görə də itaətkar, tapşırıqla gələn və səssiz kadrlar daha üstün tutulur.

Bu tərəfkeşlik sistemi təkcə fərdləri deyil, bütöv bir nəslin dövlətə olan inamını sarsıdır. Gənc anlayır ki, irəli getmək üçün bacarıq deyil, “adam” lazımdır. Bu isə dövlətçilik üçün ən təhlükəli mesajdır.

Bir nəfər beş nəfərin yerinə işləyir

Bütün əngəlləri aşıb işə girən gəncin yükü isə daha ağır olur. Statistik olaraq bir iş yerində bir ştat görünsə də, praktikada bir nəfər bir neçə vəzifənin funksiyasını yerinə yetirir. Tapşırıqla gələnlər çox vaxt formal olaraq mövcuddur, real iş yükünü isə “arxasız” kadrlar çəkir.

Bu gənclər həm layihələr icra edir, həm hesabatlar hazırlayır, həm də başqalarının səhvlərini ört-basdır edirlər. Maaş isə dəyişmir, status verilmir, hüquqi qorunma isə yox səviyyəsindədir. Bu, sağlam əmək bazarı deyil, sanki bir istismar mexanizmidir.

Xaricə beyin axını sürətlənir

Son illər on minlərlə gənc təhsil, iş və daimi yaşayış üçün ölkəni tərk edir. Onların böyük hissəsi ali təhsilli, bir neçə dil bilən və ixtisaslı kadrlarıdır. Bu proses bəzən “qloballaşma” adı ilə yumşaldılmağa çalışılsa da, əslində bu, sistemin gəncləri ölkədə saxlaya bilməməsinin göstəricisidir.

Gənc xaricdə mütləq yüksək vəzifə axtarmır; o, sadəcə ədalətli seçim, layiqli maaş və insani münasibət istəyir. Burada tapa bilmədiyini uzaqlarda axtarır. Dövlət isə illərlə vəsait xərclədiyi beyinlərin başqa ölkələrin inkişafına xidmət etməsini sadəcə seyr edir.

Acı həqiqət

Azərbaycanda gənclərlə bağlı problem niyyət çatışmazlığı deyil. Problem icra səviyyəsində kök salmış məmur zehniyyətidir. Prezident gənclərə sahib çıxsa da, məmur zehniyyəti onları sistemdən kənarlaşdırır. Tərəfkeşlik, qapalı seçimlər və istismar davam etdikcə, nə statistik rəqəmlər, nə də vətənpərvərlik çağırışları bu axını dayandıra bilməyəcək.

Əgər əmək bazarında real ədalət, şəffaf seçim və məmur məsuliyyəti təmin olunmasa, gənclər getməyə davam edəcək. Bu isə artıq sadəcə gənclərin problemi deyil, dövlətin gələcək taleyi məsələsidir.

Acı da olsa, gerçək budur. Gənclər gününüz mübarək!

İsmayıl Yusifoğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa