Aqil Ələsgər Xocalı Soyqırımı ilə bağlı türk mediasına müsahibə verdi - FOTO/VİDEO
“Yeni Çag” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər Xocalı faciəsinin ildönümü ilə bağlı Türkiyənin nüfuzlu media qurumlarına geniş müsahibə verib. O, erməni vəhşiliyinin beynəlxalq müstəvidə ifşası və Türk dünyasının bu məsələdəki birliyi barədə kəskin mesajlar səsləndirib.

Yenicag.az xəbər verir ki, Aqil Ələsgər müsahibəsində Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb
Media rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları ilə Xocalı şəhidlərinin qisası döyüş meydanında alınıb:
“Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Xocalını azad etdi, Bayrağımız orada dalğalanır. Şəhidlərimizin ruhu şaddır. Lakin bu cinayəti törədən cəlladların beynəlxalq tribunallar qarşısında cavab verməsi üçün mübarizəmiz davam etməlidir. Türkiyə və Azərbaycan mediası olaraq biz bu mövzuda ortaq informasiya cəbhəsi qurmalıyıq”.

Aqil Ələsgər onu da qeyd edib ki, soyqırımı unutmuruq, unutdurmamalıyıq: “Çünki unudulan soyqırım mütləq təkrarlanır. Bu səbəbdən də Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası o acıların unudulmaması, tanınması baxımından olduqca vacib addımdır”.













