“Aramco”nu İran vurur, ya İsrail? - Dünya neftinin ürəyi yenidən hədəfdə
Bir neçə gün içində Səudiyyə Ərəbistanında yerləşən və dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun Ras Tanura neft kompleksi iki dəfə hücuma məruz qalıb. İlk hücum 2 martda dronlarla edilib və müəssisədə yanğın çıxdığı üçün fəaliyyət müvəqqəti dayandırılıb. 4 martda isə eyni kompleks “müəyyən edilməmiş mərmi” ilə yenidən vurulub.
Hücumların arxasında İranın olduğu barədə ilkin ehtimallar səslənsə də, Tehran bunu rədd edib. Bəzi geosiyasi analitiklər isə başqa bir versiya irəli sürür: hücumların arxasında İsrailin ola biləcəyi və məqsədin bölgədə gərginliyi artıraraq günahı İranın üzərinə atmaq olduğu iddia edilir.
Ras Tanura dünyanın ən böyük neft ixrac terminallarından biridir. Burada gündə təxminən 550 min barel neft emal olunur və Səudiyyə neftinin böyük hissəsi buradan dünya bazarına göndərilir. Bu səbəbdən belə hücumlar qlobal enerji təhlükəsizliyini və neft qiymətlərini ciddi şəkildə təsirləndirə bilər.
Xatırladaq ki, 2019-cu ildə “Aramco” obyektlərinə hücum nəticəsində dünya neft təchizatının təxminən 5 %-i dayanmış, neft qiymətləri bir günə 15 % artmışdı. Buna görə Ras Tanura kimi obyektlərin vurulması dünya iqtisadiyyatı üçün böyük risk hesab olunur.
Amir Aqiloğlu













