ARDNŞ 10 min evi sökməyə hazırlaşır
Rövşən Talıbzadə: “Belə söküntülər adətən mərhələli şəkildə baş verir, ona görə də…”
Elnur Əsədov: “Mənzillərin qiymətində hazırda heç bir halda bahalaşma baş verməyəcək”
ARDNŞ-ın Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev bu günlərdə deyib ki, şirkətə məxsus ərazilərdə olan 10 minə yaxın qanunsuz evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq.
Göründüyü kimi xeyli sayda qanunsuz evlər söküləcək. Qeyd edək ki, “Sovetski” deyilən məkanda evlərin sökülməsi bu sahədə müəyyən bahalaşmaya gətirib çıxardı. Bu məntiqlə yanaşsaq, görəsən ARDNŞ rəsmisinin yuxarıda dediyi açıqlama da evlərin qiymətində yeni bahalaşmaya səbəb ola bilərmi?
Əmlak Ekspert Mərkəzinin mütəxəssisi Rövşən Talıbzadə Yenicag.az-a açıqlamasında bildirdi ki, iqtisadi faktorlarla bağlı olaraq neft şirkətinə məxsus ərazilərdəki evlərin sökülməsinin daşınmaz əmlakın qiymətinə təsiri olmayacaq: “Bu yanınlarda paytaxtın “Sövetski” adlanan ərazisinin sökülməsi ilə bağlı olaraq hələ iş başlamamış yaranan ajiotaj qiymət artımına gətirib çıxarmışdı. Amma indiki dövrdə qiymət məsələsi tək neft sənayesinə aid ərazilərdə olan evlərin sökülməsi ilə bağlı deyil. Burada iqtisadi faktorları da qeyd etmək lazımdır. Hazırda qonşu dövlətdə gedən iqtisadi böhran Azərbaycanın mənzil bazarına da təsirsiz ötüşmür.
Yəni bu amillərin bir-birilə bağlantısı var. Amma söküntünün olması bazarda qiymət artımına səbəb olmasa da belə, nisbətən aktivliyin çoxalmasına səbəb ola bilər. Bu ondan irəli gəlir ki, söküntü həyata keçirilən zaman proses kütləvi xarakter daşımır. Adətən, hissə-hissə, mərhələli surətdə baş verir. Amma kütləvi söküntü baş verərsə kəskin surətdə bazarda dinamikaya, qiymətlərə təsir edə bilər. Lakin təcrübədən də görürük ki, belə söküntülər adətən mərhələli şəkildə baş verir”.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyin icraçı direktoru Elnur Əsədov da qiymət artımlarının olacağını proqnozlaşdırmadı: “Mənzillərin qiymətində hazırda heç bir halda bahalaşma baş verməyəcək. Ümumiyyətlə, indiki halda Bakı şəhərində daşınmaz əmlakla bağlı qiymətlərdə durğunluq dövrüdür. Ona görə söküntülərin baş verməsi də qiymətlərə təsir etməyəcək”.
Elçin