“Arıqladan ölüm” - Azərbaycanda qəhvə adı altında zəhər satılır
Türkiyədə internet və sosial şəbəkələr vasitəsilə satılan “arıqladan qəhvə” və “arıqladan çay”larla bağlı ciddi təhlükə üzə çıxıb.
Yenicag.az xəbər verir ki, bəzi məhsulların tərkibində istifadəsi illər əvvəl dayandırılmış “sibutramin” olduğu müəyyən edilib.
Bu preparat uzun müddət arıqlamaq üçün istifadə olunsa da, ürək-damar sisteminə ağır zərər vurduğu üçün bir çox ölkələrdə dövriyyədən çıxarılıb.
Həkimlərin sözlərinə görə, bu cür arıqlama vasitələrinin nəzarətsiz qəbulu ürək döyüntüsünün sürətlənməsi, təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, ürək tutması, beyin qanaması, iflic və hətta ölüm kimi ağır nəticələrə səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, xüsusilə “bitki tərkibli”, “təbii” və “yan təsirsiz” adı ilə təqdim olunan, lakin real mənşəyi və təhlükəsizlik göstəriciləri məlum olmayan arıqlama vasitələrindən uzaq durmaq lazımdır.
O da qeyd olunur ki, bu cür məhsulların bəziləri təkcə Türkiyədə deyil, müxtəlif onlayn platformalar üzərindən Azərbaycanda da satışa çıxarılır. Həkimlər və müvafiq qurumlar vətəndaşlara xəbərdarlıq edərək arıqlamaq məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl mütləq həkimə müraciət etməyi, qısa müddətdə sürətli arıqlama vədlərinə aldanmamağı tövsiyə edirlər.
Camal Cavanşir












