Artan istehsalın BAHALAŞMAYA mümkün təsiri – Yanacaq qiymətləri dəyişə bilər?

“Qiymət artımı dövründə hansısa tariflərin aşağı düşməsini gözləmək lazım deyil”.

Bu sözləri neft məhsullarının həcminin artımı fonunda yanacaq qiymətlərinə münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, bu göstəricilər sürətli qiymət artımını önləməyə kömək edə bilər.

“Hesab edirəm ki, bu yanacaq qiymətlərinə təsir etməyəcək. Çünki dövlət qurumlarının iddiasına görə, hər bir halda Azərbaycanda yanacaq qiymətləri dünyada olan qiymətlərdən daha ucuzdur. Fikrimcə, neft məhsullarının ölkəmizdə istehsal olunmasına baxmayaraq, yanacaq qiymətlərinin azalmasına gətirib çıxarmayacaq. Ümumiyyətlə, indiki qiymət artımı dövründə hansısa tariflərin aşağı düşməsini gözləmək lazım deyil. Lakin ola bilər ki, bu göstəricilər sürətli qiymət artımının qarşısını alsın.

İstehsal həcminin də artmasının səbəbi ondan ibarətdir ki, qiymət artımından lazımi gəlir götürülsün. Bu baxımdan da, qiymətlərin azalması dövlət üçün sərfəli deyil”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5 faiz, neft koksu 45,8 faiz, avtomobil benzini 31,1 faiz, qazoylların (dizel yanacağı) istehsalında isə 26,1 faiz həcmində artım müşahidə edilir.

Yusif Səmədzadə