Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arzu etdiyimiz milli birlik və həmrəylik – Azay Quliyev yazır

Reklam: Sinerji Pro

Bu gün Azərbaycanda və bütün dünyada soydaşlarımız arasında görünməmiş milli birlik və həmrəylik nümayiş olunur. Uzun müddət içimizdə yığılan müsbət enerji, vətən sevgisi və torpaqlarımızın işğaldan azad etmək istəyi vulkan kimi üzə çıxdı, düşmənin son təxribatları bu vulkanın püskürməsində qığılcım rolu oynadı. Soydaşlarımız harada yaşamasından asılı olmayaraq ürəkləri vətənlə döyünür, bütün məsələləri və maraqları kənara qoyub dövlətinə və torpağına sahib çıxırlar.

Bu baxımdan ölkənin bütün siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, sosial şəbəkə istifadəçilərinin, bir sözlə hamının bu gün Ali Baş Komandan cənab İlham Əliyevin və milli ordumuzun ətrafında sıx birləşməsi (5-ci kalon funksiyasını yerinə yetirən milli şura və ətrafındakı marginal qruplardan başqa), belə çətin və həssas məqamda milli maraqlarımızı hər şeydən üstün tutması, küçələrə çıxıb torpaqlarımızın işğalda qalması ilə barışmayacaqlarını bütün dünyaya nümayiş etdirməsi xüsusilə təqdirəlayiqdir.

Ali Baş Komandanın bir çağırışına təkcə son iki gündə 10 min adam qoşularaq torpaqlarımızı işğalçılardan azad etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdilər. Müstəqillik tariximizdə hələ belə hal olmamışdır ki, Ali Baş Komandanın bir çağırışına bu qədər adam reaksiya versin və hərbi xidmətə yazılsın və yaxud siyasi partiyalar və ictimai birliklər milli birliyə və həmrəyliyə bu qədər açıq dəstək versinlər. Bu bir tərəfdən insanların, siyasi institutların yüksək vətənpərvərlik hisslərindən, torpaqlarımızın işğaldan azad olunması və qorunması üçün hər cürə fədakarlığa hazır olmasından xəbər verirsə, digər tərəfdən də dövlətə, Ali Baş Komandana olan inamlarından və etimatlarından qaynaqlanır.

Son günlər isə xaricdə yaşayan azərbaycanlılardan gələn xəbərlər bizi daha da sevindirdi. Xüsusilə, Rusiyanın bir sıra şəhərlərində soydaşlarımız erməni mallarını baykot etməyə, bununla da onlara ciddi maddi və mənəvi zərərlər vurmağa başlayıblar. Etiraf edirəm ki, mən bunu gözləmirdim, ancaq belə bir kampaniyanın artıq başladığını və uğurla davam etdiyini biləndən sonra bu cür vətənpərvər soydaşlarımızla qürur duydum. Fürsətdən istifadə edib bu kampaniyanı başladan və ona dəstək verən bütün soydaşlarımıza təşəkkür edirəm. Özlərinin maddi itkiləri hesabına da olsa indiyə kimi görünməmiş, lakin təsirli bir formada işğalçı ölkənin vətəndaşlarına bu cür etiraz etmələri milli həmrəyliyin keyfiyyətcə yeni mərhələsidir. Bu həm də dünyanın digər ölkələrində yaşayan bütün soydaşlarımıza yaxşı nümunə və çağırışdır. Gəlin ermənilərin baykot kampaniyasını daha da genişləndirək, onların işğalçı mahiyyətini bu yolla bir daha bütün dünyaya nümayiş etdirək.

Azay Quliyev

Milli Məclisin deputatı

www.yenicag.az

399