AŞPA və qərəzli qurumlara “alternativ” ZƏRBƏ: “Azərbaycan artıq Amerika ilə eyni masadadır"
“Bəzi təxribatçı qüvvələr qəbul etmək istəməsə belə, Azərbaycan artıq masadadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycanın “Sülh Şurası”na təsisçi və fəxri üzv kimi dəvət edilməsini geniş şərh edib:
“Trampın təşəbbüsü ilə beynəlxalq təşkilat statusunda yaradılan Sülh Şurasına Azərbaycanın təsisçi və erkən üzv kimi dəvət edilməsi ölkəmizə olan diqqətin, hörmətin və rəsmi Bakının qlobal siyasətdə önəmli oyunçuya çevrilməsinin təzahürüdür. Bu təşkilat təkcə Qəzza sektorunun idarə edilməsi ilə məhdudlaşmır. XİN-in bəyanatında qeyd olunduğu kimi, yanvarın 16-da bu beynəlxalq platformanın yaradılması qərarını verən Tramp, ölkəmizin ilk toplantıya dəvət olunması qərarını alıb və Azərbaycan tərəfi bu təklifi böyük məmnuniyyətlə qəbul edib.
Bu o deməkdir ki, Azərbaycan hazırda ABŞ liderliyində formalaşan yeni dünya nizamında çox önəmli bir aktora çevrilir. Bu addım həm də Azərbaycanın ABŞ-nin siyasi şəbəkəsinə birbaşa çıxışı deməkdir ki, bu da qlobal siyasətə təsir imkanlarımızı artırır. Strateji münasibətlərin bu müstəvidə dərinləşməsi dünyanın geoiqtisadi və geosiyasi gündəminin formalaşmasında Bakının bilavasitə iştirakını təmin edir”.
T. Gəncəliyev alternativ platforma kimi “Sülh Şurası”nın yaradılmasının əhəmiyyətinə də toxunub:
“Bu, Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların diskreditə edilməsi və onların ədalətsizliyinin məntiqi nəticəsidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icra edilməməsi, AŞPA kimi institutların uzun illər nümayiş etdirdiyi qərəz belə alternativ platformaların yaranmasını şərtləndirdi. Beynəlxalq arenadakı ‘fob’ qüvvələr anlamalıdırlar ki, dünya artıq onların subyektiv qərarları ilə formalaşmır. Beynəlxalq hüquq və münasibətlər sistemi ciddi transformasiyaya uğrayır və Azərbaycanın burada rolu yüksək səviyyədə qeyd olunur. Şuranın tərkibinə baxsaq, burada əsasən müsəlman və türk dünyası ölkələrini görürük. Bu, Vaşinqtonun Avrasiya məkanına, xüsusən də güclü iradəyə malik liderlərin rəhbərlik etdiyi ölkələrə verdiyi xüsusi önəmin göstəricisidir”.
Deputat vurğulayıb ki, Azərbaycanın bu prosesdə iştirakı ölkəmizə qarşı yönələn düşmən trendlərin neytrallaşdırılması baxımından da həyati əhəmiyyət kəsb edir:
“Yanvarın 21-də ABŞ və Azərbaycan arasında strateji xartiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun görüşü təsadüfi deyildi. Azərbaycan Amerika ilə birlikdə yeni dünya nizamını formalaşdırır. Davos forumunda Prezident İlham Əliyevin şəxsiyyətinə və Azərbaycanın mövqeyinə göstərilən diqqət də təsdiqləyir ki, ölkəmiz artıq yeni reallıqlara güclü şəkildə qədəm qoyub. Görünən odur ki, ABŞ daxili ixtilaflar içində boğulan və öz funksiyasının öhdəsindən gələ bilməyən Avropa İttifaqı ilə yox, güclü iradəyə malik liderlərlə iş görməyə üstünlük verir”.
T. Gəncəliyevin sözlərinə görə, Azərbaycan artıq söz sahibi olan bir dövlətdir:
“Biz həqiqətən də tarixi bir dövrə şahidlik edirik. Beynəlxalq münasibətlər sistemi artıq əvvəlki təfəkkürlə idarə olunmayacaq. Azərbaycan öz gücünə, resurslarına və dövlət başçısının liderliyinə arxalanaraq, masadakı ən önəmli oyunçulardan biri kimi yerini möhkəmləndirib”.
Nurlan Cəfəri












