ATİ tələbələrinə yeni xəbər
Azərbaycan Turizm İnstitutu (ATİ) cari tədris ilində Türkiyənin Mövlanə Mübadilə Proqramına qoşulub. Proqram çərçivəsində institutun 4 tələbəsi qardaş ölkənin Akdeniz və Qazi universitetlərində bir semestr müddətində təhsillərini davam etdirirlər. Proqramın qarşılıqlı şərtlərinə əsasən Kastomonu Universitetinin əməkdaşı Müherrem Avcı ATİ-də mühazirə-seminarlar keçirib, institutumuzun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun isə noyabr ayı ərzində Akdeniz Universitetində mühazirələrinin təşkili nəzərdə tutulub.
Bu fikirləri institutun tədris şöbəsinin müdiri Nərminə Abdullayeva deyib.
O, bildirib ki, ATİ kollektivi hər zaman yeni ideyaları reallaşdırmaq, nəzərdə tutulmuş inkişaf planlarını yerinə yetirməkdə maraqlıdır. Lakin maddi-texniki bazanın zəif olması, o cümlədən yataqxananın olmaması hələlik xarici ölkə universitetləri ilə nəzərdə tutulmuş işlərə mənfi təsir göstərməkdədir. Lakin buna baxmayaraq görülən işlər bizdən turizm təhsilində ciddi addımlar atılmasını tələb edir. Yəni, kütləvi kadr hazırlığı prosesi başlanılmalı və bu zaman yenə də keyfiyyət başlıca şərt olmalıdır. İlk növbədə, ATİ üçün tələbə şəhərciyinin tikilməsi məsələsi gündəmdədir. Yəni, turizm təhsili, həmçinin digər xidmət sahələri, o cümlədən mədəniyyət, idman, təhsil, səhiyyə sahəsində menecerlərin hazırlığı üçün belə bir genişlənməyə ehtiyac vardır.
(topnews.az)