Autizmli uşaqlara dəstək sərgisi
Bu gün “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə “Mən və mənim fərqli dünyam” mövzusunda sərgi təşkil edilib. Akademiyanın Muzey-Sərgi Kompleksində keçirilən tədbir autizm sindromundan əziyyət çəkən insanlara dəstək üçün təşkil olunub.
İlk olaraq “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Ağa çıxış edərək sərginin məqsədi haqda məlumat verib: “Biz istəyirik ki, autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılsın, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqət artısın. İctimaiyyətə autizmin xəstəlik deyil, bir fərqlilik olmasını çatdırmaq, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir. Çünki bu uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar. Tarixə nəzər salsaq, iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar”.
Sərgidə istənilən texnika üzrə işlər nümayiş olunub. Sərgi üçün nəzərdə tutulmuş əsərlərin mövzusu autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərinin və emosiyalarının tərənnümünü əhatə edib.
Gənc rəssamlar bu sərgidə iştirak ediblər və sertifikatla təltif olunublar.
Xatırladaq ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “AUTIZM məlumatlandırma kampaniyasının təşkili” layihəsi çərçivəsində həyata keçirilib. (azadinform.az)