“Biz Rusiya-Ukrayna müharibəsində gedən prosesləri izləməli, hansısa tərəf olmaqdan qaçmalıyıq”.
Bu sözləri Yenicag.az- açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Deputat həftəsonu Tramp və Zelenski arasında keçirilən qalmaqallı görüşü şərh edərək bir çox suallara aydınlıq gətirib:
“Tramp-Zelenski görüşü çox şeyə aydınlıq gətirdi. İlk növbədə, ona aydınlıq gəldi ki, ABŞ-nin Rusiya kimi imperialist bir dövlət olduğunu və öz maraqları üçün istənilən xalqı, dövləti zərbə altına qoya biləcəyini dünya gördü. İndiki halda da Ukrayna dövlətinin yeraltı və yerüstü sərvətlərini mənimsəmək xətti götürdüyü açıq-aşkar ortadadır. Lakin Ukraynaya bunun müqabilində heç bir qarantiya vermək istəmirdi. Belə olan halda, Zelenski də ondan qarantiya istəyirdi. Əvvəllər də Ukraynanın əlindən nüvə silahının Ukraynanın əlindən alınması məsələsi gələn Böyük Britaniya, ABŞ Ukraynaya təhlükəsizlik təminatı vermişdilər. Sonra heç kim buna məhəl göstərmədi”.
Deputat hesab edir ki, Avropa tək Ukrayna üçün yox, həm də, öz taleyi üçün narahatdır:
“İndiki halda söhbət tək Ukraynanın deyil, həm də Avropanın taleyindən gedir. Bəlli olur ki, Avropa ölkələri özlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün uzun illər ərzində heç bir iş görməyiblər. İndi də Ukrayna məsələsində bu problemlər çıxır ortaya. Məlum məsələdir, əgər Ukrayna gedərsə, faktiki olaraq Polşa, Almaniya və digər Avropa ölkələrinin taleyi də Rusiyanın əlinə keçmiş olacaq. Ona görə də bütün Avropa bundan narahatdır və özünümüdafiə instinktləri ortaya çıxır. Avropa ölkələri bütün vasitələrlə çalışacaqlar ki, öz müdafiə qabiliyyətlərini artırıb ordularını yaratsınlar. Hələlik isə döyüşən Ukraynadır. Onlara imkanları çatdığı qədər yardım edəcəklər. Təbii ki, bu prosesin pozulmasında ABŞ iştirak edəcək ki, Ukrayna yenidən ABŞ liderinin yanına getsin. Qarşıda Ukrayna prezidentinin dəyişilməsi, eləcə də Avropa ölkələrinə təzyiq məsələsi gündəmə gələcək. Bütün hallarda Avropa müəyyən qədər yardım ayırsa da, bu qarşıdurma davam edəcək. Rusiya da fürsətdən istifadə edib xeyli güclənib”.
E. Musayev sonda bu müharibənin Azərbaycana təsirindən də danışıb:
“Rusiyanın güclənməsi maraqlarımız prizmasından yanaşsaq, bizə sərf etmir. Ona görə ki, Rusiya Trampla danışıb Cənubi Qafqazın yenidən Rusiyanın tərkibinə keçməsi üçün razılaşa bilər. Bu da bizə sərf etmədiyi üçün bu prosesdə qardaş Türkiyənin güclənməsi və Azərbaycanın özünün ayaqda durması sərf edir. Biz prosesi izləyib hansısa tərəf olmaqdan qaçmalıyıq”.
Yenicag.az
www.yenicag.az