“Avropa İttifaqı Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, sabitliyin qarantı kimi qəbul edir” - ŞƏRH

media-hightechnic-468x90

 

media-banner_tkm

“Bu səfər Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl xarici siyasətin, regional təhlükəsizliyin təmin edilməsində oynadığı rolun və Prezident İlham Əliyevin formalaşdırdığı praqmatik diplomatik kursun beynəlxalq səviyyədə qəbul olunmasının ifadəsidir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və səfər ərzində keçirdiyi diplomatik görüşləri analiz edərək geniş izah verib:

“Avropa İttifaqının ali rəhbərliyinin qısa müddət ərzində Azərbaycana ardıcıl səfərləri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Brüsselin Cənubi Qafqaz siyasətində formalaşan yeni geosiyasi reallığın göstəricisidir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın səfərindən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya gəlməsi Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu mərhələnin əsas xüsusiyyəti isə əlaqələrin artıq strateji tərəfdaşlıq müstəvisində qiymətləndirilməsidir.

Ursula fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırması, ölkəmizi regionun aparıcı aktoru və sülh gündəliyinin əsas təşəbbüskarı kimi dəyərləndirməsi təsadüfi yanaşma deyil. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl xarici siyasətin, regional təhlükəsizliyin təmin edilməsində oynadığı rolun və Prezident İlham Əliyevin formalaşdırdığı praqmatik diplomatik kursun beynəlxalq səviyyədə qəbul olunmasının ifadəsidir. Artıq Avropa İttifaqı Azərbaycanı yalnız enerji təchizatçısı kimi deyil, mürəkkəb geosiyasi məkanda sabitliyi təmin edən, əlverişli coğrafi mövqeyini müasir infrastruktur imkanları ilə birləşdirərək regional bağlantıları gücləndirən etibarlı tərəfdaş kimi qiymətləndirir.

Enerji əməkdaşlığı bu münasibətlərin strateji mahiyyətini daha aydın göstərir. 2022-ci ildə Avropa enerji təhlükəsizliyi baxımından ciddi sınaqla üzləşdiyi zaman məhz Azərbaycana üz tutdu və Bakı həmin dövrdən etibarən Avropa İttifaqına qaz ixracını 65 faiz artıraraq tərəfdaşlıq öhdəliklərinə sadiqliyini praktik addımlarla nümayiş etdirdi. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin iqtisadi çəkisini və regionun əsas iqtisadi mərkəzi statusunu bir daha təsdiqləyir.

Bununla yanaşı, tərəfdaşlığın gündəliyi artıq ənənəvi enerji çərçivəsini də aşır. Yaşıl enerji sahəsində əməkdaşlıq, Xəzər hövzəsi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropa bazarına çıxarılmasını nəzərdə tutan yeni dəhlizlər, eləcə də Ursula fon der Lyayenin irəli sürdüyü enerji konnektivliyi üzrə tərəfdaşlıq platforması təşəbbüsü gələcəyin iqtisadi və geosiyasi əməkdaşlıq modelini formalaşdırır. Bu yanaşma Azərbaycanın uzunmüddətli strateji baxışının Avropa İttifaqının prioritetləri ilə üst-üstə düşdüyünü göstərir.”

Politoloq qeyd edib ki, Azərbaycan günümüzdə tək ABŞ və Çin kimi hegemon dövlətlərlə deyil, həm də Avropa İttifaqı ilə strateji əməkdaşlıq qurmaqda müəyyən çərçivələri aşaraq inkişaf etməkdədir:

“Diqqətçəkən digər məqam isə Brüsselin Azərbaycan-Ermənistan normallaşma prosesinə yanaşmasında müşahidə olunan dəyişiklikdir. Sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketi və iki icma arasında sülhün iqtisadi dividendlərinin təşviqinə yönəlmiş təşəbbüslər onu göstərir ki, Avropa İttifaqı regionda davamlı sabitliyin məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyi əsasında mümkün olduğunu anlayır.

Bütövlükdə, Azərbaycanın eyni vaxtda ABŞ ilə strateji tərəfdaşlı, Çin ilə hərtərəfli tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər qurması ölkənin balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun uğurunu nümayiş etdirir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin obyekti deyil, müxtəlif güc mərkəzlərini qarşılıqlı maraqlar əsasında birləşdirə bilən mühüm strateji tərəfdaş kimi çıxış edir. Məhz bu reallıq Azərbaycan-Aİ münasibətlərini yeni inkişaf mərhələsinə daşıyan əsas siyasi amildir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05