“Avropa İttifaqı (Aİ) müşahidəçilərinin bölgəmizdə peyda olması Nikol Paşinyanın hakimiyyətinin zəifliyi ucbatından baş verib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Aİ müşahidəçilərinin region üçün təhlükə vəd etməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
T. Abbasovun fikrincə, əgər Paşinyan vaxtında daha rasional və praqmatik tərzdə proseslərə yaxınlaşaydı, Prezidentin İlham Əliyevin yanaşmasına diqqət verib, onu dəyərləndirə bilsəydi, onlar heç buraya gəlməzdilər:
“Əlbəttə ki, Aİ rəsmiləri qarşılarında çoxşaxəli məsələləri qoyublar. İlk növbədə, burada Rusiya, İran və Türkiyə amili var. Bu, heç də o demək deyil ki, Türkiyə NATO üzvüdür deyə, bu ölkə onlar üçün doğma bir məmləkətdir, müttəfiqdir və s. Lakin bunların Türkiyə ilə bağlı uzaqgörən planları var. Türkiyə qismən və nisbətən onların müttəfiqidir, amma nəzərə alsaq ki, İslam dünyası heç də onlar üçün yaxın deyil, belə olan halda, əlbəttə ki, onların Türkiyə ilə bağlı məkrli yanaşmalarını görmək mümkündür”.
Onun sözlərinə görə, Aİ mülki missiyasının Ermənistana yerləşdirilməsinin arxasında böyük mətləblər durur:
“Bu da ondan ibarətdir ki, onlar casusluqla məşğuldurlar, digər tərəfdən, Azərbaycan dövlətinin imkanlarını, potensialını, müdafiə qüdrətini öyrənirlər və çalışırlar ki, lazımi mərkəzlərə bu xəbərləri ötürsünlər, eləcə də, özləri üçün qənaətlər çıxarırlar”.
Mütəxəssis onu da söyləyib ki, bölgəyə gələn Aİ müşahidəçilərinin niyyətləri heç də sağlam deyil:
“Deyərdim ki, bu, iyrənc, çirkin niyyətlərdir və bir qayda olaraq, onlar çalışırlar ki, bölgəmizdə gərginlik ocaqlarını yaratsınlar. Bu günlərdə Prezident Şuşada olarkən bir daha yada saldı ki, əgər kənar qüvvələr – o, ABŞ v Fransanı nəzərdə tuturdu – bölgəmizdə qeyri-konstruktiv işlərə yön verəcəklərsə, digər tərəfdən, Ermənistanı silahlandırıb, onu qızışdırıb, ortaya çıxaracaqlarsa, biz lazım bilsək, bütün neqativ, kənar və yad təsirlərin qarşısını alacağıq. Bu bölgə bizim bölgədir və burada sahibi də bizik”.
Qeyd edək ki, Mixail Qaluzin açıqlamasında bəyan edib ki, Aİ müşahidəçiləri Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir.
Rafi Müslümov
www.yenicag.az