“Avropa Oyunlarında hər şey gözlədiyimizdən də yaxşı olacaq”
“Onların bizə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirən, sifarişlə hərəkət edən qurum obrazı çoxdan formalaşıb”
“Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə böyük bir məsuliyyəti üzərinə götürüb. Bununla Azərbaycan dünyaya yalnız iqtisadi gücünü deyil, həm də dünyanın inkişaf etmiş ölkələrinin imza atdığı böyük beynəlxalq tədbirlərdən də yüksək səviyyədə kütləvi idman tədbiri keçirmək qüdrətində olduğunu nümayiş etdirir”.
Bunu mətbuata açıqlamasında millət vəkili, QHT Şurasının sədri Azay Quliyev deyib.
“Lakin bəzi xarici qüvvələr və onların daxildəki əlaltıları belə mötəbər beynəlxalq tədbir – idman yarışı ərəfəsində dövlətimizə qarşı qara piar kampaniyası təşkil etməklə məşğuldurlar” – deyə, o qeyd edib: “Bu qarayaxma, gözdənsalma kampaniyanın arxasında kimlərin dayandığı bəlli olsa da, qara piar kampaniyasının aləti kimi “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları istifadə edilir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, indi də I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında obyektivlikdən çox uzaq fikir formalaşdırmağa çalışırlar”.
Bəs bu kampaniyanın aparılmasında məqsəd nədir? Ümumiyyətlə, davamlı olaraq aparılan bu kampaniyaya qarşı Azərbaycan tərəfinin hansı arqumentləri var?
Millət vəkili bu suallara cavab olaraq bu təşkilatların mahiyyətinə aydınlıq gətirməklə başladı. Onun sözlərinə görə, qeyd edilən təşkilatların qərəzli mövqeyi və anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur: “Qeyd etdiyiniz təşkilatlar haqda İslamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək, bizə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirən, sifarişlə hərəkət edən qurumlar obrazı artıq çoxdan formalaşıb. Bu təşkilatlar Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görməyən və yaxud görmək istəməyənlərdilər. Sanki, miqrantlara, qaradərili insanlara qarşı millətçilər tərəfindən hücumlar Yunanıstan, Almaniya, Çexiya, Fransa, Polşada deyil, Azərbaycanda baş verir. Hücum azmış kimi, belə təxribatlara polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir”.
A. Quliyev qeyd edir ki, bu baxımdan Avropanın bir çox ölkəsində vəziyyət daha da ağırdır. Son günlər Almaniyada dinc nümayişçilərə aşırı gücün tətbiqi və onlara qarşı edilən zorakılıq isə Avropada insan hüquqları ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir: “Bundan başqa Avropa ölkələrində İslam dininin daşıyıcıları da təqiblərə məruz qalır, gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Məhz həmin inkişaf etmiş, insan hüquqlarından danışan ölkələrdə müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Hüquq müdafiə təşkilatları isə susurlar. Təbii ki, susacaqlar. Axı, bu hadisələr Azərbaycanda baş vermir”.
Daha sonra millət vəkili Olimpiya oyunları ilə bağlı səsləndirilən, yalnış, ictimaiyyəti çaşdıran fantastik iqtisadi rəqəmlərlə bağlı fikir bildirib.
Millət vəkili hesab edir ki, belə şişirdilmiş rəqəmlərin göstərilməsi, məqsədli şəkildə aparılan qərəz kampaniyasının tərkib hissəsidir. “Bu rəqəmlərin haradan götürülməsi, necə hesablanması ilə bağlı mütəxəssislər cavab veriblər. Mənim fikrimcə, bu, qərəzli və ictimai rəyi yanlış istiqamətə yönləndirmək üçün oynanılan cılız və mənasız bir oyundur. Buna görə də bu ittihamları heç kim ciddiyə almır. Bakıda keçiriləcək I Avropa Oyunlarını yüz milyonlarla insan izləyəcək. Bu oyunları 1500-dən artıq jurnalist işıqlandıracaq. Belə bir tanıtımı təşkil etmək, yəni Azərbaycanın dünyaya olduğu kimi tanıdılması, onun son illərdə əldə etdiyi uğurları, tarixini, mədəniyyətini dünyaya göstərilməsi üçün bundan gözəl imkan ələ düşərmi? Hələ xarici investisiyaların daha geniş cəlb edilməsi, turizmin inkişafına təkan verilməsi, yerli istehsalın xaricilərə tanıdılmasını demirəm. Yaranmış fürsətdən niyə istifadə olunmamalıdır?”
A. Quliyev korrupsiya ilə mübarizədə Azərbaycanın apardığı siyasətdən söz açıb və Avropa ilə müqayisəli təhlil aparıb. Onun fikrinə görə, Avropa Antikorrupsiya Agentliyinin məlumatında deyilir ki, Avropada korrupsiya halları görünməmiş həddədir: “Qeyd olunur ki, əgər əvvəllər Avropa fondlarından milyonlarla vəsait mənimsənilirdisə, hazırda bu rəqəm milyardlarla ölçülür. Aİ ölkələri korrupsiyaya görə hər il 323 milyard avro itirirlər. Bu da Aİ-nin 2014-2020-ci illər büdcəsinin 1/3 hissəsini təşkil edir. Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. Məsələn, bir sıra ekspertlər Almaniyada, Biber şəhərində 470 min avroluq “Siçanlar üçün körpü” layihəsində və ya 2006-cı ildən tikilməkdə olan hava limanına xərclənən 6 milyard avroluq layihədə ciddi korrupsiya hallarının olduğunu açiq şəkildə qeyd edirlər”.
Millət vəkili Almaniyanın sabiq prezidenti Kristian Vulfun və Fransanın büdcə naziri Jer Kayuzak korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunmasını, Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktlarını xatırlatdı: “Bir sözlə, Avropa və ABŞ heç də onların təqdim etdiyi kimi gözəl və şəffaf deyildir. Onlarda daha çox insan hüquqlarının pozulması hallarına rast gəlinir. Sadəcə onlarda baş verənləri dünyaya car çəkən QHT-lər, mətbuat yoxdur. Bu mənada, “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatların belə görməməzlikdən gəlmələrini anlamaq elə də çətin deyil. Amma məsləhət görərdik ki, Azərbaycanın hazırlaşdığı qitə əhəmiyyətli tədbirə qara yaxmaqdansa, bir dəfə də olsun 1 milyon qaçqın və məcburi köçkünün 25 ildir pozulan öz evlərində yaşamaq və əmlak hüququndan da danışsınlar. Yarışlara gəldikdə isə Azərbaycan hər zaman beynəlxalq layihələrin ölkəmizdə keçirilməsini təşkil etməklə böyük təcrübə qazanıb və hər zaman da sınaqlardan üzüağ çıxıb. Əminəm ki, Bakı- 2015 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qitə miqyaslı böyük idman tədbiri Avropanın idman tarixinə Azərbaycan adına qızıl hərflərlə yazılacaq, bütün aidiyyəti qurumlar və şəxslər bu dəfə də haqqımızda ən müsbət fikirləri səsləndirəcəklər. Sizi əmin edirəm ki, kimin nə deməsindən asılı olmayaraq, hər şey gözlədiyimizdən də yaxşı olacaq. Biz bir Azərbaycan nümunəsi yaradacağıq”.
A.Quliyev həmçinin, TANAP layihəsi ilə bağlı da danışıb. O deyib: “TANAP layihəsi prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin uğurudur və indiki gərgin geopolitik dönəmdə Avropanın enerji təhülkəsizliyi baxımından seçilmiş ən doğru yoldur. Cənab Prezidentin iradəsi ilə reallaşan bu layihə həm də ona görə uğurludur ki, Azərbaycan Avropaya sülh və əməkdaşlıq, təhlükəsizlik paketi təqdim edir. Bu paket isə Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinə mühüm töhfə verilməsi ilə yanaşı, tək Azərbaycanın deyil, həm də qardaş Türkiyənin önəmini artırır. Bu addım Azərbaycan dövlətinin maraqlarını enerji təhlükəsizliyi və regionda sülh və əməkdaşlığın genişləndirilməsi baxımından Avropanın və Qərbin mövqeləri ilə ustalıqla uyğunlaşdırmağı ilə də diqqət cəlb edir”.
A. Quliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra XXI əsrin ən iri layihəsi olan Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulmasının mühüm hadisə olduğunu deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın uğurlu enerji siyasəti nəticəsində ərsəyə gələn layihə siyasi, iqtisadi və sosial cəhətdən mühüm əhəmiyyət kəsb edir.