Avropa Ukrayna ilə 12 maddədən ibarət sülh planı üzərində işləyir – “Bloomberg”
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırkı cəbhə xəttində son qoymaq üçün Ukrayna ilə birlikdə 12 maddədən ibarət sülh planı üzərində işləyir.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, təklif olunan planın həyata keçirilməsinə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh şurası nəzarət edəcək.
Təkliflərə əsasən, Rusiya da Ukrayna kimi atəşkəsə razılaşdıqdan və hər iki tərəf ərazi irəliləyişlərini dayandırmağı öhdəsinə götürdükdən sonra deportasiya olunmuş bütün uşaqlar Ukraynaya qaytarılacaq və əsir mübadiləsi aparılacaq. Ukraynaya təhlükəsizlik zəmanətləri veriləcək, müharibə nəticəsində dəymiş ziyanların bərpası üçün maliyyə yardımı ayrılacaq və Avropa İttifaqına sürətli qoşulma yolu açılacaq.
Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq, lakin təxminən 300 milyard dollarlıq dondurulmuş Rusiya Mərkəzi Bankının ehtiyatları yalnız Moskva müharibədən sonra Ukraynanın bərpasına töhfə verməyə razı olduqdan sonra qaytarılacaq.
Moskva və Kiyev işğal olunmuş ərazilərin idarə olunması ilə bağlı danışıqlara başlayacaqlar, lakin Avropa və Ukrayna bu əraziləri hüquqi baxımdan Rusiya ərazisi kimi tanımayacaq.
Planın detalları hələ də yekunlaşdırılır və dəyişə bilər. Məsələ ilə bağlı danışan şəxslər anonim qalmaq şərtilə bildiriblər ki, hər hansı təklifə ABŞ-nin dəstəyi də vacibdir və bu həftə Avropa rəsmilərinin ABŞ-yə səfəri gözlənilir.