Avropada Navrotski FENOMENİ: Radikal sağın yüksəlişi və liberal modelin TƏNƏZZÜLÜ

media-hightechnic-468x90

 

2020-ci illər Avropa üçün təkcə pandemiya və Rusiya-Ukrayna müharibəsi ilə deyil, həm də siyasi strukturda müşahidə olunan dərin dəyişikliklərlə yadda qalır.

Qitənin bir çox ölkəsində radikal sağ qüvvələrin yüksəlişi artıq epizodik proses deyil, əksinə, sistemli və davamlı xarakter alıb. Polşada Karol Navrotskinin prezident seçilməsi bu tendensiyanın ən son və ən bariz nümunəsidir. O, siyasi təcrübəsindən daha çox ideoloji radikallığı və keçmişdəki aksiyaları ilə tanınır. Xüsusilə Sovet dövrü simvollarının sökülməsi kampaniyasına rəhbərlik etməsi onu Polşada və ümumilikdə Mərkəzi Avropada müəyyən bir siyasi çevrənin rəmzinə çevirib.

Navrotskinin seçilməsi Avropada daha geniş kontekstdə baş verən dəyişikliklərin parçasıdır. İtaliyada Corciya Meloni, Fransada Marin Le Pen, Slovakiyada Robert Fitso, Avstriyada az qala hökumətə gələcək FPÖ və Almaniyada reytinqdə sosial-demokratları geridə qoyan AfD artıq Avropada liberal-sosial demokrat modelin tənəzzülü fonunda şərh edilməlidir. “Soyuq müharibə”dən sonra Qərbdə institutlar əsas siyasi aktor kimi ön plana çıxmışdı. Şəxslərin yerini mexanizmlər, ideologiyaların yerini isə konsensus almışdı. Lakin artıq bu sistem zəifləməkdədir. Kollektiv qərar mexanizmləri yerini karizmatik fiqurlara, ideoloji ritorika və sərt lider modelinə verir. Yəni Avropa seçicisi sadələşdirilmiş, qətilik və təhlükəsizlik vədi verən modellərə üstünlük verir.

Bütün bunların arxasında bir neçə amil dayanır: Rusiya-Ukrayna müharibəsi Avropanın uzun illərdir arxalandığı liberal təhlükəsizlik yanaşmasının yetərsiz olduğunu göstərdi. Siyasi korrektlik, inklüzivlik, gender bərabərliyi və digər postmodern dəyərlərlə təkcə sərhədləri yox, eyni zamanda milli təhlükəsizliyi də qorumaq mümkün olmadığı qənaəti gücləndi. Miqrasiya böhranı, iqtisadi qeyri-müəyyənlik, enerji təhlükəsizliyi və sosial parçalanma bu düşüncə tərzini daha da dərinləşdirdi. Belə bir şəraitdə Navrotski kimi liderlərin önə çıxması həm daxili, həm də xarici siyasətdə daha sərt, daha reaktiv yanaşmanın xəbərçisidir.

Navrotski açıq-aşkar rusofob mövqeyi ilə tanınır. Bu isə Polşanın yaxın illərdə Ukraynaya hərbi və maliyyə dəstəyini artıracağını göstərir. Eyni zamanda onun hakimiyyəti dövründə Polşanın NATO daxilində daha radikal mövqe tutacağı və Avropa İttifaqı ilə münasibətlərdə yeni ziddiyyətlərin yaranacağı ehtimal olunur. Çünki Avropada formalaşmaqda olan yeni sağ ideologiya yalnız Rusiyaya qarşı deyil, həm də Brüsselin mərkəzləşmiş idarə modelinə qarşı yönəlib “Milli suverenlik”, “xristian Avropa” kimi şüarların aktuallaşması Avropa İttifaqının öz daxilində ideoloji parçalanmanı dərinləşdirir.

Bugünkü geosiyasi reallıqlar bir həqiqəti ortaya qoyur ki, artıq heç bir ölkə neytrallığını uzunmüddətli qorumaq gücündə deyil. Hər bir dövlət, hər bir siyasi lider öz mövqeyini ya masa arxasında oturaraq, ya da başqalarının qərarlarının obyekti olaraq müəyyən etməlidir. Avropada gedən proseslər göstərir ki, seçicilər liberal dünyagörüşün abstrakt dəyərləri ilə deyil, konkret təhlükəsizlik və güc vədləri ilə maraqlanırlar. Bu isə o deməkdir ki, yeni Avropa artıq köhnə Avropadan kəskin şəkildə fərqlənəcək.

Navrotskinin prezident seçilməsi təkcə Polşa daxilində siyasi dönüş nöqtəsi deyil. Bu, bütövlükdə Avropada siyasi mühitin hansı istiqamətə doğru dəyişdiyinin göstəricisidir. Liberal demokratiyaların ideoloji hegemoniyası zəifləyir və onun yerini daha sərt, daha identik və daha konservativ bir siyasi dalğa tutur. Bu dalğa hələlik durmur və görünür ki, yaxın illərdə daha bir çox ölkənin siyasi liderləri bu xətt üzrə dəyişəcək.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600