Everestin “ölüm zonası”ndan möcüzəvi xilas: 6 gün sonra sağ tapıldı
Dünyanın ən yüksək zirvəsi olan Everest dağında 30 maydan bəri itkin düşən və öldüyü ehtimal edilən nepallı dağ bələdçisi Dava Şerpa sağ tapılıb.
Yenicag.az xəbər verir ki, ağır hava və relyef şəraitinə baxmayaraq, 6 gün ərzində sağ qalmağı bacaran dağçı ana düşərgəyə yaxın ərazidə aşkar edilib.

“Sagarmatha” Çirklənməyə Nəzarət Komitəsinin (SPCC) xilasediciləri tərəfindən tapılan 50 yaşlarındakı Şerpanın öz gücü ilə sürünərək aşağı düşməyi bacardığı bildirilib. Helikopterlə dərhal Katmandudakı HAMS xəstəxanasına çatdırılan dağçının bilincinin yerində olduğu açıqlanıb.

Xəstəxanada intensiv müalicə alan Şerpanın donma, maye itkisi və soyuqla əlaqədar bədən xəsarətləri aldığı qeyd olunub. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayır.
Dağçının xilas olması ailəsində böyük sevinc yaradıb. Həyat yoldaşı Damu Şerpa ümidlərini tamamilə itirdikləri bir anda bu xəbəri almağın onlar üçün böyük möcüzə olduğunu bildirib.

Qeyd edək ki, Şerpa ilə birlikdə zirvəyə çıxan keçmiş ingilis hərbçi Kris Trall hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, zirvədən enərkən qısa müddətli istirahət üçün dayandıqları zaman yolları ayrılıb. Bu sırada oksigeni bitən və donma təhlükəsi yaşayan başqa bir dağçıya kömək etmək məcburiyyətində qaldığı üçün Şerpadan xəbər ala bilmədiyini deyib.
Bu mövsüm Everestdə azı 5 nəfərin həyatını itirdiyi bildirilir. Dava Şerpanın 6 gün “ölüm zonası” adlanan ərazidə sağ qalması dağçılıq tarixində ən diqqətçəkən xilas hekayələrindən biri hesab olunur.
Ayşən












