Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtandil Məmmədov: “Şimal axını-2 Rusiya-Türkiyə münasibətlərini çətinləşdirə bilər” - MÜSAHİBƏ

Reklam: Sinerji Pro

Yenicag.az enerji məsələləri üzrə ekspert Avtandil Məmmədovla olan müsahibəni təqdim edir:

– Avtandil müəllim, Almaniya Şimal axını-2-yə Avropa Birliyinin təbii qaz direktivlərinin tətbiq edilməsinə qarşı çıxıb. Belə miqyaslı bir layihə hansı səbəbdən bu cür ciddi hüquq qadağası ilə üzləşib?

– Bu haqda 2 həftə öncədən proqnoz vermişdik və bildirmişdik ki, bu məsələ, Rusiya “Qazprom”u üçün ciddi problemlər yaradacaq. Onu da vurğulamışdıq ki, Almaniya kəşfiyyatının məsələ ilə bağlı hesabatları qərarı sürətləndirə bilər. Dediyimiz kimi də oldu. Mayın 5-də Almaniya Federal Prokurorluğu Rusiya Silahlı qüvvərinin Baş qəragahının Baş Kəşfiyyat İdarəsinin zabiti Dmitri Badini axtarışa verdi. Badinə qarşı Bundestaqın İT şəbəkəsinə haker hücumu ittihamı irəli sürülüb. Federal Prokurorluğun ittihamına görə, “Fancy Bear” haker qrupunun üzvü olan MKİ zabiti dəfələrlə kansler Anqela Merkel administrasiyasının kompyüterlərinə də müdaxiləyə cəhd edib.

Alamniya kəşfiyyatının hesabatının bu dönəmdə üzə çıxması təsadüf sayıla bilməz. Bundan sonra Rusiyaya loyal siyasətçilərin heç biri Şimal axını-2 ilə bağlı qərarda Rusiyanın müdafiəçisi rolunda çıxışa cəsarət etməz.

– Belə demək mümkünsə, “Qazprom”un kommersiya layihəsini enerji qanunları deyil, Almaniya kəşfiyyatı sıradan çıxardı…?

– Bəli. Artıq Şimal axını-2 üçün kluarlarda lobbiçiliyə ehtiyac qalmadı, kəşfiyyat bu məsələnin nöqtəsini qoydu, Rusiyanın Almaniyadakı dövlət və dövlətlə əlaqəsi olan iri strukturlarının “zərərli fəaliyyətini” rəsmiləşdirdi. Fikrimcə, lobbiçilər belə bir zərbə alacaqlarını gözləmirdilər.

– Qərarın məhkəmə perspektivi də kuryoz məqam üzə çıxarıb – vəkillər doğru instansiyaya müraciət etməyib. Sizcə, hüquq perspektivini artıq tükənmiş saymaq olar?

– BNetzA-nın Şimal axınına immunitet tanınması haqqında vəsatəti təmin etməsi gözləniləməz sayılmamalıdır. Şimal axını-2 isə tamamilə fərqli struktura malik kəmərdir. Şimal axını 1997-ci ildən layihələndirilib, 2006-cı ildən istismarına başlanıb. Yəni AB-nin enerji paketi qüvvəyə minməzdən 3 il öncə artıq bu kəmər tam fəaliyyətdə idi. Şimal axını-2 isə yeni layihə olduğu üçün ona anoloji immunitet tanına bilməz. Ancaq burada da yumşaq desək, anlaşılmaz məqamlar var. Məsələ burasındadır ki, Avropa Birliyi Məhkəməsi Avropa Birliyi Məhkəməsinin Statusi haqqında Protokolun 51-ci bəndinə görə birinci instansiya məhkəməsi sayılır.Amma Almaniyanı bir federal icra orqalı olan BNetzA-ya qarşı iddaya abacaq birinci instansiya deyil. Ona görə də BNetzA-nin Şimal axını-2 qərarından bu məhkəməyə hansı səbəbdən şikayət edildiyini anlamaq çətindir, bu məhkəmə bu cür iddialara baxmır. İldə bir neçə milyon avro əmək haqqı alan vəkillərin məhkəmə instansiyalarını qarışdırması əsl nonsensdir. Açığı BNetzA-nın Şimal axını-2 ilə bağlı qərarından şikayət verilməsi haqqında qərarını görəndə, bunu zarafat saydım, ancaq sonra dəqiqləşdi ki, gerçəkdən də Nord Stream 2-nin vəkilləri məhkəmələri səhv salıb.

– Yaranan durum qaz idxalatçılarının payında dəyişikliyə səbəb ola bilərmi?

– Yaxın bir il, il yarımda bu gözlənilmir. Şimal axını-2-nin operatorunun hansı şirkət olmasından asılı olmayaraq həcmin 50 faizinin digər idxalçılar tərəfindən doldurulması üçün açıq hərraclar keçiriləcək. Şimal axını-2-nin Almaniyadan da keçdiyini nəzərə alsaq, bu o deməkdir ki, operator (əməliyyatçı) qaz xəttinin 50 faiz eyni idxalçıdan asılı olmaması üçün tədbirlər görməli, prosesə yeni şirkətlər cəlb etməlidir. Enerji bazarına yaxınlarda Avstraliya və ABŞ-a aid iki nəhəng hasılatçı daxil olub. Fikrimcə, bu kəmər ona xərclənən 10 milyard dollarlıq sərmayəni doğrultmur – bu vəsaitdə əlavə, yəqin ki, vəsaitin ən az 15-20 faizi qədər bir məbləğ də siyasi lobbiçiliyə xərclənib və nəticə verməyib. Hər halda bu durum Şimal axını-2 ilə bağlı heç bir müsbət perspektiv vəd etmir.

-Avtandil müəllim, sizcə, necə olub ki, “Qazprom” Qərblə Rusiya arasında siyasi savaşın belə bir iqtisadi nəticələrə səbəb olacağını hesablaya bilməyib?

– Əslində bütün bunlar karbohidrogen ehtiyatlar məsələsinin həddindən artıq siyasiləşməsinin nəticələridir. Rusiyada 3 anlayış illərdir ki, siyasətin əsas yönəticisinə çevrilib – II Dünya Savaşının nəticələrinin traktovkası, təbii qaz və nüvə silahı. Dövlət tamamilə bu ideyalardan asılı duruma gətirilib. Yaxın tarixə qədər təbii qaz strategiyası ölkəyə heç də kiçik olmayan uğurlar da qazandırıb. Məsələn, Almaniyanın nüvə enerjisindən təbii qazın xeyrinə imtina etməsi siyasi lobbiçiliyin nəticəsində əldə edilib. Bu uğurdur – bunu inkar etmək olmaz. Ancaq hakimiyyətin bütün institutlarının qaz stratejisi ilə həddən artıq yüklənməsi digər faktorlarla birlikdə bugünkü nəhəng uğursuzluqlara səbəb olub. Məhz bu təbii qaza qədərindən artıq siyasi məna yükləmə nəticəsində Rusiya Suriya-Türkiyə xətti ilə Yaxın Şərqdən Avropaya qaz nəqlinin qarşısını almaq üçün Suriya hakimiyyətini dəstəkləməyə məcbur oldu.

Aydındır ki, bu stratejini də Şimal axını-2 –nin taleyi gözləyir. Avropaya qaz nəqli üzrə 5-7 il əvvəl mövcud olmayam, amma indi fəal bir çəkildə ortaya çıxan layihələr Suriya münaqişəsinə bu qədər nəhəng vəsait xərclənməsinin mənasız olduğunu ortaya çıxarır. Məsələn, 2020-ci ilin əvvəlinə olan rəqəmlərə görə Avstraliyanın illik 88 milyon ton, Qətərin 77 milyon ton – 2027-də 126 milyon ton proqnozları var – maye qaz ehtiyatı var. ABŞ-ın təbii qaz “hücumlarını”, EastMed perspektivlik qaz kəmərinin Misirin Zöhr, Kiprin Afrodita, İsrailin Levifan və Tamar yataqlarından ibarət şəbəkəyə qoşularaq Avropaya ildə 20 milyard kubmetr həcmində qaz daşıma imkanlarını nəzərə alsaq Rusiyanın Suriya siyasətində yaranmış vəziyyətin bu siyasətə çəkilən xərcləri doğultmadığı aydın olur.

– Şimal axını-2-ni uğursuzluqan xilas etmək mümkün idimi?

– Şübhəsiz! Qaz xəttinə ABŞ-ın sanksiyalar tətbiq edəcəyi bir il öncədən bəlli idi. Yaxınlaşan qərarlardan xəbər tutmaq üçün heç Ceyms Bondluq da tələb olunmurdu. Almaniyanın milli qanunları Avropa Birliyi qanunlarına uyğunlaşdırılanda qanunvericilik aktlarına belə bir müddəa əlavə edildi – “2020-cu il mayın 23-nə qədər tikintisi başa çatan qaz nəqliyyat sistemləri immunitet tələbi ilə BNetzA-ya müraciət edə bilər”. Ola bilməz ki, Rusiyanın bu müddəadan xəbəri olmasın. “Qazprom”un törəmə müəssisəsi olan 1,2 milyard dollarlıq “Akademik Çerskiy” dənizdə boru kəməri çəkən gəmi 2015-ci ildən istismardadır. ABŞ-ın Şimal axını-2-yə qarşı sanksiyalardından öncə onu Avropa sularına göndərmək, Danimarka və Almaniya dəniz şelfində işləməsinə razılıq almaq, sanksiya təhlükəsi reallaşanda xətti çəkən Allseas Group SA – «Pioneering Spirit», «Solitaire», «Audacia» ilə birlikdə işləri 2020-ci il mayın 23-nə qədər başa çatdırmaq gərək idi. Bu zaman immunitetdən imtina üçün heç bir səbəb olmayacaqdı. Formal əsaslar olmayanda hüquq müstəvisində mübarizənin perspektivi də olur.

– Şimal axını-2 ilə bağlı yaranan durum Azərbaycanın enerji sektoruna necə təsir edə bilər?

– Söhbət birbaşa yox, dolayı təsirdən gedə bilər. Şimal axını-2 Avropa Birliyinin bir ölkəsinin – Almaniyanın ehtiyaclarına hesablanmışdı. TANAP-TAP qaz xətti ilə Avropaya daşınacaq Azərbaycan qazı isə digər ölkələr üçün nəzərdə tutulub. “Qazprom” yaranan vəziyyətə görə Türkiyəyə qarşı daha aqressiv satış mövqesi tuta bilər. Türkiyə həm Azərbaycan qazının ən böyük xarici alıcısıdır, həm də indi ölkənin maliyyə sıxıntıları yaşayır. Çətin maliyyə şəraitində Rusiya turizmdə, aqrar sektorda Türkiyəyə basqı göstərsə, bunun nəticələri ola bilər. İndi ABŞ da Türkiyəyə qarşı yumşaq maliyəə basqılarına başlayıb – ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) ilə Türkiyə Mərkəzi Bankı arasında swap-əməliyyatlara yenidən baxılır. Hələlik rəsmi qərar olmasa da ABŞ FES-inin Riçmond ərazi maliyyə dairəsinin rəhbəri Tomas Barkin deyib ki, Birləşmiş Ştatlar Türkiyə Milli Bankının təklifindən imtina edə bilər. Əgər bu baş versə, Türkiyə defoltla üzləşəcək. Bu iki durum – Qazpromun maraqlarının təmin edilməsi üçün Rusiyanın Türkiyəyə basqısı, ABŞ-la Türkiyə arasında soyuq münasibətlərdən doğan saysız problem Azərbaycan üçün də çətinliklər yarada bilər.

Aygün Muradxanlı

Loading...

www.yenicag.az

439