“Ay arvaddan qorxan biqeyrət…” – Kinomuzun “qayınanası”nın ANIM GÜNÜDÜR
2004-cü ilin ilıq bir mart günündə Milli Teatr Günü ilə bağlı bir tədbir keçirilirdi. Elə tədbir zamanı aldığımız xəbər hamımızı göz yaşına qərq etdi: “Nəsibə Zeynalova dünyasını dəyişdi…” Əvvəlcə inanmadıq, daha doğrusu, inanmaq istəmədik.
Ailəsi ilə dəqiqləşəndən sonra elə tədbirdə sevilən sənətkarın bu dünyadan köçdüyü elan olundu. Nəsibə Zeynalova teatra o qədər bağlı insan idi ki, elə bu dünya ilə də məhz həmin gündə vidalaşdı. Öz adını Milli Teatr Günü ilə eyni gündə bir daha tarixə yazdı.
Bu gün kinomuzun əvəzedilməz aktrisası, Xalq artisti, səhnəmizin qayınanası Nəsibə Zeynalovanın xatirə günüdür. Adı çəkiləndə hər zaman çöhrəmizə, dodağımıza gülüş qonduran Nəsibə Zeynalova… Onun gülüşü, yumoru sadəcə gülüş deyildi; tamaşaları ilə insanı düşünməyə vadar edirdi. Təsadüfi deyil ki, onun istər tamaşa, istərsə də filmlərdə obrazının dili ilə səslənən kəlmələri aforizmə çevrilib. Məsələn: “Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır”.
Koloritli aktrisa idi. Dadlı-duzlu improvizələri ilə tamaşaçının qəlbini fəth etməyi bacarırdı. Onu sevməyən yox idi, bütün Azərbaycan onu sevirdi. Rayonlara qastrol səfərlərinə gedəndə onu evinə qonaq aparmaq üçün kənd adamları növbəyə düzülürdü.
Milli kinomuzun şedevrlərinə çevrilən saysız-hesabsız filmlərdə rol alıb. Onun oynadığı tamaşalar milli teatrımızın ən gözəl inciləri sayılır. Aktrisa teatra, kinoya o qədər bağlı idi ki, hətta ömrünün son aylarında, ağır xəstə yatdığı vaxtlarda belə, ona təklif olunan rollardan imtina etmirdi. Xüsusən də gənclərə hər zaman dəstək olmağı sevirdi, onların qəlbini qırmırdı, filmlərə çəkilirdi, xəstə halı ilə belə təqdimat mərasimlərinə qatılırdı.
Sənətində olduğu kimi, həyatında da mükəmməl idi, sadəliyi ilə örnək idi Nəsibə xanım. Elə ona görə də adını teatr və kino tarixinə əbədi yazdırmağı bacardı.
Cəvahir













