"Ay Bolt, ay qayka..."- Taksi sürücüsündən şirkətə ağır ittihamlar: "Sizi məhkəməyə verəcəm"
Bolt tətbiqi ilə bağlı sürücü şikayəti gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən taksi sürücülərindən biri “Bolt” tətbiqinin qeyri-şəffaf işləməsindən və sürücüləri maddi zərərə salmasından şikayətçidir. Sürücü iddia edir ki, sifariş zamanı şəhər adı dəqiq göstərilmədiyi üçün Bakıdan Sumqayıta yönləndirilib və nəticədə ziyana düşüb.
Şikayətçi yaranmış vəziyyətlə bağlı məsələni məhkəmə müstəvisinə çıxaracağını bildirib. Sürücünün şikayətini olduğu kimi təqdim edirik:
“Boltun özü kimi əqidəsiz tətbiq bir də özüdür. Mən bu gün şirkəti məhkəməyə verəcəm. Sifarişi atıb üstümə: ‘Karvan Ticarət Mərkəzi’. Deyirəm, Sumqayıt Bakıdır ki, siz ticarət mərkəzinin sadəcə adını qeyd edirsiniz? Bu nə murdarlıqdır? Sən, ay ‘Bolt’, ay ‘qayka’, şəhərdən-şəhərə sifariş atırsan, niyə yazmırsan Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzi? Niyə qeyd etmirsən?
Gəlmişəm Sumqayıta, 14.40 qəpik yazılıb, ondan faizlərini çıxıb 11 manat saxlayıb. Sumqayıtda da tətbiq bağlandı. Bakıya boş qayıtmalıyam. 11 manat qazanmışam, amma 7 litr də benzin işlənib.
PS: Şəhər qeyd edilmədiyinə görə Karvan Ticarət Mərkəzinə sərnişin düşürtməmiş sifariş gəldi. Mən Binə bazarı ilə üz-üzə olan Karvanı başa düşdüm. Çünki kateqoriyaları şəhərə görə ayırıblarsa, sifarişin önündə gedəcəyin şəhərin adı da qeyd olunmalıdır. Bu ‘məxluqlar’ sürücüləri öz aləmlərində dolayırlar. Mən bu gün Bolt şirkətinə bu gedişlə bağlı məhkəməyə müraciət edəcəm”.
Yenicag.az












