!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ayaz Salayev: “Yaşadığım həyat özümdən daha ağıllıdır” - MÜSAHİBƏ

!Reklam – Yazi

Bu gün tanınmış rejissor, peşəkar kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevin doğum günüdür. Doğum günü ilə bağlı suallarımla tanış olanda əvvəlcə danışmaq istəmədi. “Çox məhrəm suallardır, dərinə gedirsiniz, ola bilər, bəzi məqamlarda səmimi olmayacağam” deyib, nəzakətlə cavablandırmaqdan boyun qaçırdı.

“Yaradıcılığınız göz önündədir, bu suallari sizi bir insan olaraq daha yaxından tanımaq üçündür”, deyib, israr etdim. Məni qırmadı, cavablandırdı. Amma bu məqamlarda da onun səmimiyyətinə heyran qaldım. Çünki bəzi məqamlarda səmimi ola bilmədi.

Məsələn, “Sizcə, qismət insanın öz əlindədir, yoxsa, Allah yazan ömürdən kənara çıxmaq mümkünsüzdür?” sualına “Seçim insanı öz əlindədir” cavabını verdi. Amma müsahibənin sonunda “Allah həyatımı idarə edir. Mən olduğumdan daha ağıllı bir həyat yaşamışam” deməklə əvvəl söylədiyi fikri təkzib etdi.

Amma bunu da onun səmimiyyəti kimi qəbul etdim, əvvəlcədən demişdi axı…

Ayaz Salayevin Yenicag.az-la müsahibəsini təqdim edirik:

– Həyatda boşa keçən və yola verdiyiniz illər olubmu?
– Çox olub. Əfsuslar olsun ki, az film çəkmişəm. Ümidim var ki, gələcəkdə bu boşluğu dolduracağam.
– Ömrünüzdən silib, atmaq istədiyiniz illər necə, olub?
– Olub, amma çox az.

– Sizcə, qismət insanın öz əlindədir, yoxsa, Allah yazan ömürdən kənara çıxmaq mümkünsüzdür?

– Mənə elə gəlir ki, insana seçim imkanları verilib. İnsan iradəsindən çox şey asılıdır. Seçim insanın öz əlindədir.

– Nə vaxtsa içinizdə özünüzə qarşı üsyan etmisiniz?

– Özümə qarşı yox, səbəb olmayıb. Həmişə istədiyim və düşündüyüm kimi yaşamışam. Artıq çəkimlə mübarizə aparmaq mənim üçün həmişə problem olub.

– Artıq çəki ilə mübarizə aparmaq səhhətinizlə bağlıdır, yoxsa bu, bir kompleksdir?

– Yox, bu, kompleks deyil. Artıq çəki qeyri-normal bir şey deyil, heç kimə də yaraşmır. Mənim kompleksim yoxdur. Sadəcə olaraq, xoşuma gəlmir. Artıq çəkim olanda, güzgüyə baxanda artıq özümdən xoşum gəlmir.

– Kök insanlar, deyilənə görə, mərhəmətli olurlar? Mərhəmətlisiniz?

– Deyirlər, mərhəmətliyəm, amma mən özüm haqda bunu deyə bilmərəm. Bəzən aqressiv oluram. Məsələn, mən heç vaxt nə özümün, nə də başqasının alçaldılmasını istəməzdim.

– Bu həyatda axtardığınız həqiqəti tapa bilmisiniz?

– Mən daima əbədi tələbəyəm, öyrənirəm, inkişaf edirəm. Fikirləşirəm və həyat daima dəyişir. Həyat dəyişdikcə də bəzi mövqelərimi dəyişirəm. Sözün düzü, heç həqiqət axtarışlarım olmayıb.

– Xaos, yoxsa səliqə-səhman – hansı ruhunuza daha yaxındır?

– Səliqə-səhman. Evimdə bir şey öz yerində olmayanda özümdən çıxıram, fikirləşə bilmirəm.

– Məsələn?

– Gecəyarısı ayılıb dolabın qapısını örtə, yaxud da fincanların yerini dəyişə bilərəm. Evimdə də, həyatda da səliqəni sevən adamam, xaosu sevmirəm qətiyyən.

– Bəs ruhunuz?

– Elə ruhən də xaos içində olmamışam, ardıcıl insanam, mövqeyimi dəyişmirəm.
– Planla yaşamaq, yoxsa…
– Yox, planla yaşamıram. Planla alınmır.

– Xoşbəxt anlarınız çox olub, yoxsa az?

– Az olub, hamı kimi. Həyat yalnız xoşbəxtlikdən ibarət deyil. Dişin ağrımasa, onun qədrini bilməzsən.

– Allahla söhbətləşirsinizmi?

– Daha çox O, mənimlə söhbətləşir. O, mənim həyatımı idarə edir. Yox. Bu, məhrəm sualdır. Bunu yazmayın. Çox dərinə gedirsiniz e…
– Yaradıcılığınız göz önündədir. İnsan olaraq, sizi daha çox tanımaq istəyirik, ona görə. Maraqlı insansız.
– Məndə maraqlı heç nə yoxdur, mən belə hesab etmirəm.
– Hansını seçərdiniz – Pul, sevgi, yoxsa…
– Yaradıcılıq…

– Allahdan özünüzə nə arzulayırsınız?

– Yaradıcılıq, ilham… Daha çox ilham… Həyatımın əsasını yaradıcılıq təşkil edir. Təbii ki, övladlarımın fiziki cansağlığı əsasdır, bunu kənara qoyuram. Qalan şeylərdə, əsas yaradıcılıq. Həmişə mənəvi dəyərləri, maddi dəyərlərdən üstün tutmuşam. Uşaqlıqdan ta bu günə qədər…
– Bizi sevindirin filmlərinizlə, buna çox ehtiyacımız var.
– Çox sağ olun. İstəyirsiniz, bayaqkı suala cavab verim.

– Hansına?

– Allah həyatımı idarə edir. Mən olduğumdan daha ağıllı bir həyat yaşamışam. Məsələn, tutaq ki, özüm belə bir hərəkət edərdim, amma başqa cür hərəkət etdim. Demək ki, kimsə məni idarə edir. Bu mənada, mənim yaşadığım həyat özümdən daha ağıllıdır.

– Hansı fikrinizi müsahibənin başlığına verməyimi istərdiniz?

– Fərq etməz. İstəyirsiniz bunu verə bilərsiniz: “Yaşadığım həyat özümdən ağıllıdır”.

Cəvahir

COP29

www.yenicag.az

5207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv