Aydın Hüseynov: "Qarayaxmalarınız Azərbaycanın uğurlarına kölgə sala bilməz"
“Azərbaycan xalqı gücünü göstərmiş, bütün sınaqlardan üzüağ çıxmışdır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Azərbaycanın əldə etdiyi uğurlar, bölgədə sülh perspektivləri və bu nailiyyətlər fonunda Rusiyada Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, qələbə və bütün ərazilərimizdə suverenliyimizin bərpa olunması tarixi nailiyyətdir:
“Bölgədə artıq sülhün bərpa olunması istiqamətində mühüm addımlar atılır. Dayanıqlı, davamlı və əbədi sülhün əldə edilməsi üçün çox böyük perspektivlər mövcuddur. Lakin maraqlıdır ki, ölkəmizin bu kimi nailiyyətlər əldə etməsi, xüsusilə Azərbaycanın böyük Zəfər qazanması, müstəqil siyasət həyata keçirməsi, iqtisadiyyatını getdikcə daha da genişləndirməsi, dünyada nüfuzunun artması və iqtisadi-siyasi potensialının güclənməsi bəzilərini ciddi şəkildə narahat edir.
O cümlədən, son dövrlər Rusiya mətbuatında Azərbaycana qarşı çirkin kampaniyanın başladığını müşahidə edirik. Azərbaycana qarşı qarayaxmalar, dezinformasiyalar yayılır. Bu nə məqsədə xidmət edir? Görünür, ölkəmizin uğurlarını qəbul edə bilmirlər. Artıq Cənubi Qafqazda Azərbaycan həm söz sahibinə çevrilir, həm də region sülh və iqtisadi əməkdaşlıq məkanına çevrilməkdədir”.
Aydın Hüseynov qeyd edib ki, nailiyyətlərimiz dostlarımızı sevindirdiyi kimi, bəzi dairələrdə qısqanclıq da doğurur:
“Xatırlasaq görərik ki, Rusiya ərazisində mülki təyyarəmizin vurulmasından sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan haqlı tələblərini irəli sürdü. Kompensasiyanın ödənilməsi və üzr istənilməsi tələb olundu. Lakin bu addımların atılması əvəzinə, əksinə, Azərbaycana qarşı dezinformasiyalar yayıldı. Məntiqə və beynəlxalq hüquqa sığmayan davranışlar sərgiləndi. Eləcə də soydaşlarımıza qarşı sərt münasibət nümayiş etdirildi.
Rusiyada yaşayan, hətta Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı bu cür davranışın sərgilənməsi təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Rusiyanın bu mövqeyi Azərbaycanın nailiyyətlərinə heç bir kölgə sala bilməz. Çünki ən çətin dövrlərdə belə Azərbaycan xalqı gücünü göstərmiş, bütün sınaqlardan üzüağ çıxmışdır”.
Nəsimi Ələsgərli













