Aygün Attar: “Bu vəhşilik təkcə Azərbaycan xalqına qarşı törədilməyib” - Kayseridə Xocalı soyqırımı anıldı
Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, Tədbir Ərciyes Üniversitesi İqtisadiyyat və idarəetmə elmləri fakültəsi və Kayseri Şuşa Azərbaycan Evi tərəfindən təşkil olunub.
Mərasimdə əsas məruzəçi Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri professor Aygün Attar olub. O, Xocalı faciəsinin mahiyyəti barədə ətraflı danışıb. Aygün Attar bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir.
O çıxışında vurğulayıb ki, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının və türk dünyasının ortaq məsuliyyətidir. Attar qeyd edib ki, gənclərin bu tarixi bilməsi və düzgün şəkildə öyrənməsi gələcək üçün çox vacibdir.
Tədbir çərçivəsində tələbələrlə görüş də keçirilib. Sual-cavab hissəsində iştirakçılar Xocalı soyqırımı, regiondakı proseslər və Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı suallar ünvanlayıblar. Aygün Attar sualları ətraflı cavablandırıb və tarixi həqiqətlərin təhrif olunmasına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Mərasimin sonunda fakültə rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Amir Aqiloğlu













