“Azərbaycan cəmiyyəti də bu istiqamətdə səylərini artırmalıdır”
“Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar”. Bu fikirləri Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, dövlətimizin əsas məqsədi erməni cəlladlarının Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir. Onun sözlərinə görə, çətinliklərə baxmayaraq istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər.
“Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb, bir sıra dövlətlər, o cümlədən, ABŞ-ın bəzi ştatları Xocalı soyqrımını tanıyıblar. Hesab edirəm ki, bundan sonrakı səylərimiz də nəticəsiz qalmayacaq. Eyni zamanda, Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır. Əgər ermənilər yalan və böhtan üzərində qurulan hər hansı ideologiyanı yüz il ərzində yaşada biliblərsə, o zaman yolverilməz hal olardı ki, həqiqətən baş vermiş faciə dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmasın” – deyə YAP Sədrinin müavini vurğulayıb(azadinform).