COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.
Bu barədə Yenicag.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29, yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.
Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların öncə UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.
COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.
www.yenicag.az