Avqustun 12-də keçirilən Azərbaycan dili fənni (dövlət dili kimi) üzrə imtahanın nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) yenicag.az-a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 15:55-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanın nəticələri bu gün saat 15:55-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1138 nəfərdən 226 nəfəri imtahana gəlməyib. İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir.
Abituriyentlərin (6 rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30 baldır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
Şagirdlərin (8 rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.
İmtahanların nəticələrinə əsasən 512 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 avqust tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya prosesi 16 avqustdan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.
www.yenicag.az