Parlamentin "susqunları" və "danışanları": 2025-ci ilin media hesabatı

media-hightechnic-468x90

“Tənzilə Rüstəmxanlı, Arzu Nağıyev, Günay Ağamalı, Zahid Oruc, Razi Nurullayev, Naqif Həmzəyev 2025-ci ildə mediaya ən açıq olan deputatlardır”.

Başa çatan 2025-ci ildə hansı deputatlar daha çox mediaya müsahibə verib? Hansı deputatlar mediaya qapalılığını qoruyub saxlayıb?

Yenicag.az 2025-ci ildə Milli Məclisin “ən”lərini müəyyənləşdirib. Çap mediasında deputatlarla çalışan media nümayəndələri, əsasən, mətbuata daha açıq olan deputatların adlarını çəkiblər.

“BakuPost.az” saytının baş redaktoru Zahid Nurəliyev deputatların 2025-ci il fəaliyyətini belə qiymətləndirib:

media-whatsapp-image-2025-12-30-at-13-30-58

“Milli Məclis deputatlarının aktiv fəaliyyətini bir neçə parametr üzrə dəyərləndirmək olar. Çünki bəziləri sosial şəbəkələrdə və ictimai tədbirlərdə, bəziləri seçicilərlə təmaslarda, digərləri isə komitələrdəki müzakirə və ya plenar iclaslarda fəaldırlar. Eyni zamanda, mətbuata açıq və qapalı olan deputatlar var. Amma elə deputatlar da var ki, necə deyərlər, ‘bütün səngərlərdə’ görünürlər. Fəal və mətbuata açıq deputatlar kimi Vüqar Bayramov, Hikmət Babaoğlu, Tənzilə Rüstəmxanlı, Sahib Alıyev, Aqil Abbas, Aydın Mirzəzadə, Razi Nurullayev, Arzu Nağıyev, Elçin Mirzəbəyli, Ceyhun Məmmədov və Zahid Orucun adını çəkmək olar.

Passiv deputatlara gəlincə, indiyə qədər nə MM-in iclaslarında, nə sosial şəbəkələrdə, nə də mediada çıxışlarına, açıqlamalarına rast gəlmədiyim deputatlar var: Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlov, Heydər Əsədov və başqaları”.

“Globalinfo.az”-ın redaktoru Ayşən Mustafa isə yalnız ən aktiv deputatların adlarını qeyd edib:

media-whatsapp-image-2025-12-30-at-13-31-05

“Milli Məclisin VII çağırış üzrə deputatları arasında ictimai tədbirlərdə aktiv iştirak edən, o cümlədən mətbuatla fəal şəkildə işləyənlərin sayı kifayət qədərdir. ‘Globalinfo.az’ əsasən ictimai-siyasi məzmunlu sayt olduğu üçün daha çox bu istiqamət üzrə komitələrin nümayəndələri ilə əlaqə saxlayırıq. Suallarımızı hər zaman operativ şəkildə cavablandıran, mövzuları obyektiv dəyərləndirənlər arasında Elçin Mirzəbəyli, Hikmət Babaoğlu, Səməd Seyidov, Fazil Mustafa, Fatma Yıldırım, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Zahid Oruc, Müşfiq Cəfərov, Naqif Həmzəyev, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Vüqar Bayramov, Aqil Abbas, Arzu Nağıyev, Cavanşir Feyziyev, Qüdrət Həsənquliyev və Arzuxan Əlizadə var. Digər deputatlarla davamlı şəkildə əlaqə saxlanılmasa da, müəyyən mövzularda suallarımıza cavab ala bilirik.

Mətbuatın zənglərini cavabsız qoyan, suallara cavab verməkdən yayınan parlament nümayəndələri ilə hələlik rastlaşmamışıq. Yaxud mövzularımıza uyğun bilmədiyimiz üçün müraciət etməmişik”.

“Sfera.az” saytının parlament müxbiri Firuzə Əliyeva isə əksər deputatların mediaya açıq olduğunu qeyd edib:

media-whatsapp-image-2025-12-30-at-13-31-13

“Parlament müxbiri kimi fəaliyyətim dövründə deyə bilərəm ki, indiyədək müraciət etdiyimiz deputatların əksəriyyəti media ilə əməkdaşlığa açıq olub. Sorğularımıza mövzuya uyğun olaraq ya operativ şəkildə cavab verilib, ya da mümkün olan ilk vaxtda münasibət bildirilib.

Ümumilikdə, Milli Məclisdə media ilə ünsiyyətin kifayət qədər formalaşdığını düşünürəm. Bu baxımdan konkret adlar üzərində dayanmağı düzgün saymıram, çünki əməkdaşlıq prosesi qarşılıqlı anlayış və iş rejimi çərçivəsində qurulur. Əsas odur ki, ictimai əhəmiyyətli mövzular üzrə deputatlarla əlaqə saxlamaq və mövqe almaq imkanı mövcuddur”.

“Kredit.az” saytının redaktoru Gülbəniz Hüseynli isə 2025-ci ildə mediaya həm aktiv, həm də passiv olan deputatların adlarını çəkib:

media-whatsapp-image-2025-12-30-at-13-31-23

“2025-ci il ərzində siyasi və iqtisadi proseslərin işıqlandırılmasında millət vəkillərinin açıqlamaları mühüm rol oynayıb. Bu istiqamətdə ‘Metbuat.az’ və ‘Kredit.az’ üçün hazırladığımız materiallarda mütəmadi olaraq parlament üzvlərinin mövqelərinə yer verilib. İl ərzində daimi müsahibə aldığımız və sorğularımıza operativ, diqqətli və dolğun cavab verən millət vəkilləri sırasında Arzu Nağıyev, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Fazil Mustafa, Vüqar İskəndərov, Cavanşir Feyziyev, Vüqar Bayramov, Aydın Hüseynov, Razi Nurullayev, Tural Gəncəliyev, Hikmət Babaoğlu və Günay Ağamalının adlarını xüsusi qeyd etmək istərdim.

Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi millət vəkilləri — Nigar Arpadarai, Etibar Əliyev və Müşfiq Məmmədli digər media qurumlarının sorğularına cavab versələr də, şəxsi təcrübəmdə ‘Metbuat.az’-ın ünvanladığı sorğulara cavab verdiklərini qeyd edə bilməyəcəyəm. İqtisadi məsələlər üzrə isə il ərzində daha çox millət vəkili Vüqar Bayramova müraciət olunub və bu sorğulara əsaslandırılmış, analitik və aydın cavablar əldə edilib”.

“Anews.az” saytının parlament müxbiri Gülnar Nazimqızı isə bəzi deputatların Milli Məclisin spikeri Sahibə Qafarovanın tövsiyələrinə əməl etmədiyini iddia edib:

media-whatsapp-image-2025-12-30-at-14-24-39

“Milli Məclisdə ən operativ cavab verən deputatların sayı o qədər də çox deyil. Zahid Oruc, Fazil Mustafa, Vüqar Bayramov, Naqif Həmzəyev, Razi Nurullayev, Vasif Qafarov ən çox danışdırdığım deputatlardır. Digər deputatların bir qismi əlçatan deyil, bəziləri jurnalistlə birbaşa kontakta keçməkdən qaçır. Məsələn, deyir ki, ‘köməkçimə yaz’. Düşünürəm ki, parlament jurnalistlərinin deputatlara birbaşa çıxışı olmalıdır. Bəzi deputatlarla isə hətta köməkçi vasitəsilə də əlaqə saxlamaq mümkün deyil. Parlamentin spikeri Sahibə Qafarovanın tez-tez deputatlara ‘açıq olun, müsahibə verin’ deməsinə baxmayaraq, bir çox deputat buna əməl etmir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa