İxvan dünyada çökür, Qafqazda isə DİRİLİR: İranın gizli ordusunun yeni Azərbaycan qərarı
Bir vaxtlar Yaxın Şərqin ən mütəşəkkil siyasi gücü hesab olunan “Müsəlman Qardaşlar” (İxvan) hərəkatı, 2026-cı ilin əvvəlinə olan mənzərəyə görə, tarixinin ən ağır və bəlkə də geri dönüşü olmayan böhranını yaşayır. Lakin qlobal miqyasda zəifləyən bu struktur, varlığını qorumaq üçün strateji istiqamətini Mərkəzi Asiya və Qafqaza çevirərək yeni və təhlükəli bir yeraltı fəaliyyət mərhələsinə qədəm qoyub.
ABŞ-ın “terror” zərbəsi və qlobal blokada
Vaşinqtondan gələn son qərarlar hərəkatın beynəlxalq maliyyə manevr imkanlarını tamamilə iflic edib. ABŞ Konqresində qəbul edilən “H.R. 3883” saylı qanun layihəsi və 2025-ci ilin son rübündə imzalanan icraedici sərəncamlar İxvanı rəsmən terror siyahısına daxil edərək onlara bağlı onlarla xeyriyyə fondu və media quruluşuna qarşı qlobal maliyyə blokadası tətbiq edib. Bu hüquqi mühasirə hərəkatı ənənəvi mərkəzlərindən uzaqlaşmağa məcbur edib.
İstanbul və London arasında parçalanma
İxvanın Misirdəki rəhbərliyinin həbsindən sonra təşkilat iki yerə parçalanıb: İbrahim Munirin rəhbərlik etdiyi London qanadı və Mahmud Hüseynin idarə etdiyi İstanbul qanadı. Munirin vəfatından sonra İstanbulda məskunlaşan Məhəmməd Bədinin yaxın silahdaşı, professor Mahmud Hüseyn hərəkatın xaricdəki bütün vəsaitlərini öz nəzarətinə götürərək “mürşidlik” iddiasını gücləndirib. Lakin bu ikibaşlılıq gənc nəslin hərəkatdan uzaqlaşmasına və daxili xaosun dərinləşməsinə səbəb olub.

İstanbul Şurasının gizli planı: Azərbaycan və Qafqaz hədəfi
Hərəkatın İstanbuldakı mərkəzi Türkiyə–Misir münasibətlərinin normallaşmasından sonra sıxışdırılsa da, hələ də gizli koordinasiya mərkəzi kimi fəaliyyət göstərir. Məlumata görə, Mahmud Hüseynin rəhbərliyi altında keçirilən gizli toplantılarda Orta Asiya və Qafqaz xalqlarından olan tələbələr vasitəsilə yeni “təsir gücü” yaratmaq qərara alınıb.
Bu strateji planın əsas oyunçularından biri Küveyt vətəndaşlığından çıxarılmış, dövlət çevrilişinə cəhddə ittiham olunan radikal ideoloq Hakim əl-Muteyridir. İstanbulun Fatih rayonunda “Əl-Ümmə” partiyası adı altında gizli mərkəz quran əl-Muteyri, İxvan rəhbəri Mahmud Hüseynlə birlikdə bölgə üzrə yeni təyinatlar həyata keçirib.
İstanbul Şurasında qəbul edilən qərara əsasən, regionda dini təsir şəbəkələrinin yenidən formalaşdırılması üçün vəzifə bölgüsü aparılıb.
Azərbaycandan olan və radikal kəsim arasında avtoritet sahibi sayılan şəxs Qafqazda gizli ideoloji fəaliyyətin gücləndirilməsi və şəbəkələşmə işinə rəhbərlik edəcək. Onun Hakim əl-Muteyri ilə mütəmadi görüşlər keçirdiyi və Azərbaycanla bağlı gizli planların məhz bu görüşlərdə formalaşdırıldığı bildirilir. Ona Gürcüstanda radikal fikirləri ilə tanınan başqa bir “ilahiyyatçı” əmirlik edəcək. Hər iki şəxsin adı bizə bəlli olsa da, bəzi nüanslardan dolayı adlarını açıqlamırıq.
Bu şəbəkə həmçinin Küveytin “İslam Konstitusiya Hərəkatı” (HADAS) ilə sıx əməkdaşlıq edir. Bişkeki Mərkəzi Asiya üçün müvəqqəti mərkəz seçən struktur Azərbaycan və Gürcüstanı birbaşa İstanbul mərkəzinə tabe edib.

2026-cı il: ya transformasiya, ya süqut
Hazırkı mənzərə göstərir ki, 1928-ci ildə başlayan “İxvan layihəsi” özünün siyasi ömrünü ənənəvi mərkəzlərdə tamamlasa da, post-sovet məkanında yeni və radikal bir “yeraltı” qanad yaratmağa çalışır. Beynəlxalq maliyyə blokadası və xalq dəstəyinin azalması fonunda İxvanın bu son cəhdi region ölkələri üçün ciddi təhlükəsizlik çağırışı kimi qiymətləndirilməlidir.
Onu da qeyd edək ki, İxvanın təhlükəli sayılmasının, eləcə də ölkəmiz üçün təhlükə mənbəyi hesab edilməsinin səbəbi bu hərəkatın İranın gizli alətinə çevrilməsidir. İran onu ərəb ölkələrində, eləcə də Qafqaz və Mərkəzi Asiya ölkələrində mövcud rejimlərə qarşı şiə və sünni silahlı qruplar yaratmaq üçün istifadə edir. Nəzərə alsaq ki, İran bu vaxta qədər Körfəz ölkələrinə məhz bu kartla girib. Yəməndə, Bəhreyndə, Küveytdə, Livanda məhz İxvanın əli ilə “ümmətin birliyi” şüarı altında fəaliyyət göstərib. Bu, Xomeyninin inqilabı ixrac etmək, xalqlar arasında münaqişələr yaymaq vəsiyyətinə uyğun olaraq edilir ki, İran həmin qarışıqlıqdan faydalanaraq öz zəhərini yaysın.
O zəhərin nəticəsini isə belə görmək istəyirlər: gənclər arasında İxvan ideologiyası əsasında cihad ruhunun aşılanması, gənc nəsil içində dövlətçilik və hakimiyyət əleyhinə nifrət üzərində formalaşan bir toplumun yetişdirilməsi.
“Yeni Çağ” Təhlil Qrupu












