!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan elminin İNKİŞAFI – Dövlətin gördüyü işlər və gələcək PRAKTİKALAR

!Reklam – Yazi

Hər bir ölkənin gücü onun elm, təhsil və mədəniyyət səviyyəsi ilə sıx bağlıdır. Xüsusilə təhsil, bir dövlətin gələcəyini müəyyən edən ən vacib faktorlardan biridir. Azərbaycanda son illərdə bu sahələrə verilən diqqət və atılan müsbət addımlar ölkənin inkişafını təmin edən əsas amillərdən biri kimi önə çıxır. Dövlətimiz digər inkişaf proqramları ilə yanaşı, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafına xüsusi diqqət ayırır.

Müasir dövrdə elm və təhsil səviyyəsinin artırılması həm ölkənin daxili inkişafını təmin edir, həm də beynəlxalq səviyyədə ölkənin mövqeyini möhkəmləndirir. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən islahatlar və proqramlar, bu sahələrin önəmini bir daha təsdiq edir. Dövlətin atdığı addımlar bu sahələrin inkişafı istiqamətində müsbət nəticələrə gətirib çıxarıb. Hazırda elmi-kütləvi və mədəni-maarif proqramlarının hazırlanması və davamlı şəkildə inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir.

Ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlər təhsil və elmin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, cəmiyyətin mədəni dəyərlərinin qorunmasına və inkişafına da müsbət təsir göstərir. Dövlətin bu sahələrə göstərdiyi diqqət və atılan müvafiq addımlar ölkəmizin dünya səhnəsində daha tanınmış və güclü bir ölkəyə çevrilməsinə imkan yaradır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan yeni dövrün tələblərinə uyğun şəkildə gənclərimizin yeni texnologiyalara marağını artırmaq, yeni təhsil metodikalarından istifadə etməklə gənclərimizi bu prosesə cəlb edə bilərik:

“Onların təhsilə marağını artıra bilərik. Xüsusən də aparıcı texnologiyaların və avadanlıqların tətbiqi Qərb ölkələri ilə yanaşı, inkişaf etmiş Şərq ölkələri, məsələn, Çin, Sinqapur və Malayziyanın təhsil innovasiyalarını tətbiq etmək çox önəmlidir. Məhz bu cür yanaşmalarla biz gəncləri təhsilə cəlb edə və uğurlu təhsil strategiyamızı inkişaf etdirə bilərik. Eyni zamanda, zərərli Qərb adət-ənənələrini və ailə dəyərlərini aşındıran proseslərdən qorunmaq üçün milli mental dəyərlərimizə uyğun innovasiyaların tətbiqi daha məqsədəuyğun olacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə bildirib ki, hazırda təhsil sahəsində tətbiqi vacib olan və ciddi təkmilləşdirməyə ehtiyacı olan proqramlar mövcuddur:

“Beynəlxalq təcrübəyə nəzər salsaq, dünyanın inkişaf etmiş güclü təhsil ölkələri ilə Azərbaycanın təhsil səviyyəsi arasında ciddi fərqlər olduğunu görürük. “Amerika, Kanada, Finlandiya, İsveç, Danimarka, Sinqapur, Yaponiya, Koreya kimi güclü ölkələrlə yanaşı, qonşu dövlətlərimiz Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistan da təhsil sahəsində böyük irəliləyişlər əldə edib. Biz də bu sahədə geridə qalmamalıyıq, çünki onların istifadə etdiyi tədris proqramları çağdaş təhsilin əsas meyarlarına, əzbərləməkdən daha çox, praktiki həll yolları tapmağa, mürəkkəb situasiyalarda məntiqi mühakimə və analitik bacarıqlara əsaslanır”.

E. Nuri əlavə edib ki, hazırda Azərbaycanda tətbiq olunan tədris proqramları nəzəri cəhətdən pis deyil, amma tətbiq mərhələsində bəzi problemlər mövcuddur.

“Bizim təhsil proqramlarımızda çağdaş təhsil tələblərinə uyğun islahatlar aparılmalıdır. Bu islahatlar iki əsas mexanizmə əsaslanmalıdır: birincisi, çağdaş təhsil tələblərinə uyğunlaşmaq, ikincisi isə yerli ənənələrlə beynəlxalq maarifçilik prinsiplərini birləşdirmək”, – deyə Nuri qeyd edib.

O, həmçinin Finlandiyada tətbiq olunan fenomenlərə əsaslanan öyrənmə proqramını da nümunə göstərib. Bu proqramda şagirdlər yalnız nəzəri məlumatları deyil, praktiki layihələr təqdim edərək, mövzunu nə dərəcədə mənimsədiklərini nümayiş etdirirlər.

Təhsil eksperti bildirib ki, Azərbaycan təhsilində də bu cür praktiki istiqamətə yönəlmiş tədris proqramlarının tətbiqi vacibdir.

“Təhsil sahəsindəki islahatlar praktiki tətbiqə yönəlməli və həyat bacarıqlarını inkişaf etdirəcək şəkildə həyata keçirilməlidir. Əks halda, iş daha çətin olacaq”, – deyə tədqiqatçı qeyd edib.

Məsimə Məmmədova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

www.yenicag.az

94
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv