“Rusiyanın problemləri öz maraqlarına uyğun uzatmaq iddiasında olduğunu diplomatlarımız dilə gətirməlidir”.
Bu fikri şərti sərhəddəki son insidentdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada keçirəcəyi görüşü və bundan gözlənilən nəticələri şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.
Zəlimxan Məmmədli bildirib ki, Rusiyadan Azərbaycana uzanan əl heç vaxt xeyirə olmayıb:
“Geopolitik mənzərədə mənfəətlər uğrunda savaş var. Rusiyanın ortağı İran peyda olub və iddiasını açıq müstəvidə ortaya qoyub. Rusiya da “bu region mənimdir” deyir, elə proseslərin başında da o durur. Qarabağ problemini yaradan da odur. Lazım olanda vəziyyəti gərginləşdirən, lazım olanda stabilləşdirən də odur.
Rusiyaya çoxlu sayda sanksiyalar tətbiq edilib. Azərbaycan Rusiya ilə daha şəffaf oynamağa çalışmalıdır. Rusiya problemi həll etmək yerinə, konservləşdirir. Rusiyanın öz maraqlarına uyğun uzatmaq iddiasında olduğunu diplomatlarımız dilə gətirməlidir, beynəlxalq dəstək qazanmalıyıq. Azərbaycanın qorxacaq bir yeri yoxdur. Tənha qalsaydıq başqa bir məsələ. Bizim Türkiyə kimi müttəfiqimiz var. Rusiyadan Azərbaycana uzanmış əllərin məkirli olduğunu bilməliyik. Onlar problemi yalnız dərinləşdirmək yönündə addım atırlar, mütərəqqi təkliflər kağız üzərində qalır. Azərbaycan Rusiyanın gerçək adını dilə gətirməlidir.
Zaxarovanın verdiyi bəyanat o deməkdir ki, region bizim əlimizdədir. Bu düsturu pozmalıyıq. Bunun üçün də cəsarət lazımdır. Ona görə də cəmiyyətimizdə mənəvi, psixoloji səfərbərlik olmalıdır.
Mən keçiriləcək görüşdən də heç bir müsbət nəticə gözləmirəm”.
Səxavət Məmməd
www.yenicag.az