Azərbaycan HR İnstitutu Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasına (WFPMA) ÜZV OLDU
Azərbaycan HR İnstitutu Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasına (WFPMA) ilk dəfə üzv qəbul edilib.
Azərbaycan HR İnstitutu beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməkdə davam edir. Son 5 il ərzində insan kapitalının inkişafı sahəsində həyata keçirilən uğurlu fəaliyyətin məntiqi nəticəsi olaraq, Azərbaycan HR İnstitutu 01 Sentyabr 2025-ci il tarixindən etibarən Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının İdarə heyətinin üzvlərinin yekdil qərarı ilə rəsmi üzv qəbul olunmuşdur. Bu ölkəmizin insan resursları sahəsində əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biridir.
Rəsmi üzvlük linki: https://wfpma.org/our-members/eapm/azerbaijan
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının 1976-cı ildə yaradıldığını bildirmişdir. Federasiya hazırda 90-dan çox ölkənin insan resursları üzrə milli assosiasiyalarını və peşəkar institutlarını, ümumilikdə insan kapitalının inkişafına xidmət edən 550,000 HR peşəkarlarını özündə birləşdirir. Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının əsas məqsədi insan kapitalının idarə edilməsi və inkişafı, bu sahədə peşəkar şəbəkələşmə və təcrübə standartlarının təkmilləşdirilməsidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetinə əsaslanaraq Azərbaycan HR İnstitutu ölkəmizdə idarəetmə və insan resursları sahəsində mütərəqqi yanaşmaları təbliğ etmək və iş yerlərində insan kapitalının inkişafı üzrə ən innovativ təcrübələri tətbiq etmək üçün tədris, öyrənmə və beynəlxalq təmsilçiliyi həyata keçirir.
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən “Baku International HR Forum 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024” və “International HR Summit 2025” tədbirləri yerli və beynəlxalq təşkilatların insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə uğurla baş tutub.