!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb etdi

!Reklam – Yazi

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə ABŞ-a köçmüşük. Lakin Nensi Pelosi və onu dəstəkləyən konqresmenlər insan hüquqlarını və ədaləti müdafiə edən demokratik prinsiplərə qarşı çıxış edirlər”.

Nəzərə çatdırılıb ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana 18 sentyabr 2022-ci il tarixli səfəri Cənubi Qafqaz bölgəsindəki durumun təhrifinə yönəlib və Azərbaycan əsilli amerikalılarda dərin təəssüf hissi doğurur: “Nensi Pelosinin Azərbaycanın ünvanına əsassız və haqsız ittihamları yolverilməzdir”.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya edilməmiş sərhəddə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatından bəhs edən AAKŞ İH üzvləri bildiriblər ki, bu təcavüzkr əməlin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb: “Ölkəmizin süverenliyi və ərazi bütövlüyü təmin edilib. Hazırda atəşkəs rejiminə əməl olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Regionda vəziyyətin gərginlşdirilməsinin və genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu il ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin tamam olduğunu xatırladan soydaşlarımız bildiriblər ki, Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropanın qazının tükənməsi fonunda Azərbaycan həm Ermənistanla ədalətli sülhün və iqtisadi münasibətlərin qurulması, həm də Avropaya qaz tədarükü məsələlərində xoş məramını nümayiş etdirir. Nensi Pelosi və ona bənzərləri isə Azərbaycanın xoş məramını dəstəkləmək əvəzinə, demokratik prinsiplər üzərindən qərəzli və ermənipərəst siyasətə üstünlük verir, Birləşmiş Ştatlardakı amerikalıların iqtisadi problemlərini çözmək əvəzinə xarici ölkələrdə münaqişələrin gərginləşdirilməsi, daha çox insanın bu münaqişələrdə həlak olması kimi demokratiya ilə bir araya sığmayan addımları dəstəkləyirlər.

BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal azad edilməsi barədə 4 qətnaməsini təkbaşına gerçəkləşdirən Azərbaycanın 10 noyabr 2020-ci ildə Ermənistanla sülh razılaşmasını imzaladığına, işğaldan azad edilən ərazilərimizdə irimiqyaslı quruculuq işləri həyata keçirdiyinə, bu layihələrə 3 milyard ABŞ dolları məbləğində vəsait sərf etdiyinə, ərazilərin ermənilər tərəfindən basdırılmış milyona yaxın yerüstü minalardan təmizlənməsi prosesi apardığına, müharibə bitdikdən sonra bu minalardan və ermənilərin qoyub getdiyi digər partladıcı qurğulardan onlarla mülkü azərbaycanlının həlak olduğuna diqqət cəlb edilib.

“Bu, Azərbaycan dövlətinin Ermənistanla münaqişədə maraqlı olmadığını, yalnız sülh istədiyini sübut edir. Odur ki, N.Pelosinin Ermənistana səfəri zamanı açıqlaması erməni təbliğatı əsasında verilən bəyanat kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması səylərinə vurulan ciddi zərbədir”, – deyə İH üzvləri vurğulayıblar.

Təəssüflə qeyd edilib ki, ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı aparığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqların dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib: “Belə birtərəfli addmlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir”.

AAKŞ İH üzvləri ABŞ Konqresini spiker Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında yeni münaqişələrin yaranması istiqamətində nümayiş etdirdiyi davranışı ilə əlaqədar dərhal tədbirlər görməyə çağırıb.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv