!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan jurnalistlərindən Zaxarovaya cavab

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan jurnalistlərini təhqir edib.

Keçirdiyi mətbuat konfransından azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib: “Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, qabalıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, qabalıqır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, qabalıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız”.

AFN məsələ ilə bağlı Azərbaycan jurnalistlərinin mövqeyini öyrənib.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmətin fikrincə, əslində bu, rəsmi Rusiyanın təkcə mediamıza deyil, Azərbaycana münasibətidir: “Kremli təmsil edən şəxslərin hər hirslənəndə Azərbaycana münasibətdə əsl simalarını biruzə verməsi halı ilə ilk dəfə rastlaşmırıq. Hesab edirəm ki, rəsmi Bakı da Rusiyanın rəsmi şəxslərinə diplomatiyanın, siyasi etikanın standartlarını mütləq xatırlatmalı, ən azı XİN səviyyəsində mövqeyini ortaya qoymalıdır”.

Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova bildirdi ki, Mariya Zaxarova bu cəsarəti naziri Sergey Lavrovdan alıb: “Xarici siyasət idarəsinin hazırcavablığı ilə öyünən nümayəndəsi bütün qəzəbini Azərbaycan jurnalistlərinin üstünə tökməkdənsə, diplomata yaraşan tərzdə “hər şey deyib heç nə deməməklə” də sualdan yayına bilərdi. Amma görünən odur ki, Zaxarova Azərbaycana münasibətdə hətta diplomat olmağa da ehtiyac görmür. Azərbaycan mətbuatının ünvanına işlətdiyi ifadələr həm də Azərbaycana qarşı münasibətini ortaya qoyur. Sualı sonacan dinləməyəcək qədər qabalıq rus diplomatiyasının son zamanlar müşahidə etdiyimiz sifətinə çevrilir. Ümid edirəm, Azərbaycan mətbuatı heç olmasa bircə dəfə özünü bu qabalardan müdafiə edə biləcək”.

Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər isə fərqli düşünür: “Dünəndən etibarən elliklə Rusiya XİN-in sözcüsü Mariya Zaxarovanı lənətləmək, söymək, “ermənipərəst” adlandırmaqla məşğuluq: “Biz Dilqəmi də, digər soydaşlarımızı da hər platformda müdafiə və təbliğ etməliyik. Ancaq lahiyə pullarının nağdlaşdırılması dayandığı üçün üsyan edən QHT-lərin Roma Papasına, ya da ABŞ prezidentinə Azərbaycan dilində ultimatium verməsinə bənzər, marginal, ancaq özü çalıb-oynayan tərzdə deyil. Dilqəmgilin müdafiəsi üçün bu neçə ildə bir neçə işi çıxmaqla, hansı beynəlxalq səviyyədə iş görmüşük? Bəli, mən Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına dediyi sözlərlə qismən razıyam. Elə ondan bizim jurnalistlərimizlə bağlı üzr istəyəni axtarmağınıza da ehtiyac yoxdur. Günah kifayət qədər ciddi tədbirlərə naşı, sualla şərhi qarışdıran jurnalist göndərən redaksiyalardadır. Sual vermək bir istedaddır və mətbuat konfranslarında jurnalistin vəzifəsi sadəcə mikrofonu danışanın ağzına uzatmaq və ya sual vermək yerinə öz fikrini təsdiq cavabı almaq deyil. Əgər sual jurnalistin ağzında qalırsa, bu onun günahıdır, Mariya Zaxarovanın deyil. Deməli, vəziyyəti elə həddə çatdırıb ki, bu münasibətə layiq görülüb. Artıq istəsək də, istəməsək də, XXI əsrdəyik və bizimlə eyni düşüncəni paylaşmayanları öz dilimizdə “ermənipərəst” adlandırmaqdansa, jurnalistikanın fabrika ayarlarına qayıtmaq lazımdır. Başqa ölkələrin bu sahədəki təcrübələri öyrənilməli və davamlı münasibətlər qurulmalıdır. Təəssüf ki, həm azərbaycanlı ictimai fəallar, həm jurnalistlər daxili bazara oynayır, burada fərqlənmək istəyirlər. Halbuki onlar beynəlxalq aləmlə əlaqələrini düzgün qursalar, bu ölkəyə, bu dövlətə daha faydalı olarlar. Təbii ki, vətənpərvər olmalıyıq, ancaq peşənin qaydalarını da pozmadan iş görməliyik”.

AFN-in baş redaktoru Səbuhi Qafarov da hesab edir ki, Mariya Zaxarova əslində Azərbaycana olan münasibəti dilə gətirib: “Çox istərdim ki, bank hesabı, pul nağdlaşdırmaq davası döyənlər indi çıxıb Rusiyaya etiraz səsləndirsinlər, yaxud hökumətdən Zaxarovanın fikirlərinə reaksiya tələb etsinlər. Olmayacaq, çünki ortada şəxsi yox ümumi maraqlar, dövlət maraqları var. Dünya mediası bu hadisədən yazır, danışır, bizim media susur. Niyə? Çünki düymələri basılmayıb. Bundan əvvəl Lavrova oxşar sualı verən jurnalistimiz işdən çıxarıldı, kimin səsi çıxdı? Birlik olmayınca bu cür münasibətlə də üzləşəcəyik. Zaxarova nə qədər tərbiyəsizdirsə, bizdə də o qədər günahkarlar var”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv