“Azərbaycanla Pakistan arasında əlaqələr yüksək səviyyədədir və son illər bu əlaqələr daha da inkişaf edib”.
Bu fikirləri Azərbaycanla Pakistan arasındakı münasibətlər barədə danışan politoloq Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əlaqələrin inkişaf etməsi prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsi olaraq ortaya çıxıb:
“Son səfərdə dövlət başçısının qarşılanma mərasimi onu göstərdi ki, Pakistanla Azərbaycan əlaqələri hansı səviyyədədir. Eyni zamanda, bu, dövlət başçısının şəxsi nüfuzunun göstəricisidir. Bununla bir çox ölkələrə mesaj verildi ki, Azərbaycana edilən təziqlərin heç bir nəticəsi olmayacaq və Azərbaycanın strateji müttəfiqləri, dostluq əlaqələrində olan böyük güclü dövlətlər var ki, bunlardan biri də Pakistandır.
Həmçinin İkinci Qarabağ müharibəsinə qədər, eləcə də müharibə dövründə Pakistan Azərbaycana ən yüksək səviyyədə siyasi dəstəyini ifadə edib. Biz bilirik ki, müsəlman ölkələri içərisində Pakistan nüvə dövləti olaraq öndə olan bir ölkədir. Hətta dünya çapında Pakistan öz ordusunun gücü ilə fərqlənən dövlətlərdən biridir.
İki dövlət arasında hərbi əlaqələrin inkişaf etdirilməsi bu sahədə Azərbaycanın da hərbi gücünün artmasına gətirib çıxaracaq. Onsuz da indiki məqamda sülh danışıqları prosesində Azərbaycana kifayət qədər təzyiqlər var. Eyni zamanda, sülh danışıqları prosesini pozmağa yönəlmiş addımların atıldığının şahidi oluruq.
Məhz buna görə də Azərbaycanın əlaqələrinin güclü olması, xüsusilə də hərbi potensialı güclü olan dövlətlərlə əlaqələrinin strateji səviyyəyə yüksəlməsi ölkəmizin çəkindirici rolunun artmasına səbəb olur. Bu mənada, Azərbaycanla Pakistan arasında əlaqələrin inkişafı, dövlət başçısının səfəri, qarşılanma mərasimi və əldə olunan nəticələr kifayət qədər önəmlidir və müstəsna əhəmiyyət daşıyır”.
Rafi Müslümov
www.yenicag.az