Müharibə Rusiya küçələrinə adlayır: "Kiyev fəsadları Rusiya daxilinə daşıyır" – TƏHLİL
“Ukrayna Moskvaya hücum etməklə artıq hər şeyi gözə alıb.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib.

Politoloq Ukraynanın Moskvaya dron hücumlarını və müharibənin Rusiya ərazisinə keçməsini şərh edib:
“Ukraynanın indiki vəziyyətdə Moskvaya dron hücumu həyata keçirməsi Rusiya tərəfindən daha sərt reaksiya verilməsi ilə nəticələnə bilər. Ona görə ki, Rusiya öz sərhədləri daxilində baş verən hərbi hücumu dövlət maraqları üçün çox ciddi təhlükə sayır. Bu, həm də Rusiyanın toxunulmaz dövlət imicini itirməsi anlamına gəlir. Bu baxımdan Moskva məcbur qalıb elə bir qarşılıq verəcək ki, bir daha hansısa dövlət Rusiya şəhərlərini vurmağa cəhd etməsin.”
H. Səhrablı qeyd edib ki, Ukraynanın bu addımdan başqa çıxış yolu qalmayıb:
“Ukrayna günlərdir Rusiyanın müxtəlif şəhərlərinə dron hücumları edir. Hər birində də Moskva bacardığı qədər daha sərt cavab verməyə çalışır. Görünən odur ki, Ukraynanın yeni hücumlar həyata keçirməsi onu deməyə əsas verir ki, Kiyev artıq hər şeyi gözə alıb. Artıq illərdir müharibə gedir, ölkənin infrastrukturuna ciddi zərər dəyib, ərazisinin şərq vilayətlərinin böyük əksəriyyəti Rusiya ordusu tərəfindən işğal edilib. Belə bir reallıqda Ukrayna itirəcək heç nəyinin qalmadığını anlayır. İtirdiklərini geri almaq mümkün olmayacaqsa, daha çox ərazi itirməmək üçün müharibəni Rusiya ərazisinə keçirməklə müharibənin yükünü Rusiya xalqına da yaşatmağa və öz müdafiə mexanizmini yenidən nəzərdən keçirməyə çalışır. Rusiya xalqı əvvəllər müharibəni bu qədər hiss etməmişdi. Müharibənin iqtisadi təsiri olsa da, dağıntılar, Rusiya daxilində itkilər yox idi. Ukrayna daha sərt zərbələr endirəcəyi təqdirdə Rusiya daxilindəki siyasi qüvvələr hökumətdən haqq-hesab soruşacaqlar: ya tez bir zamanda Ukraynanı ram etməlidirlər, ya da müharibənin uzanmaması üçün həll yolu tapmalıdırlar.”
Politoloq müharibənin bitməsi üçün uyğun şərait olmadığını bildirib. Tərəflərin hələ də döyüşməyə gücü olduğunu və sülhün əldə edilməsi üçün zaman tələb olunduğunu H. Səhrablı diqqətə çatdırıb.
Nurlan Cəfəri













