“ABŞ üçün ən prinsipial məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması, insan haqları və demokratiya ilə bağlı addımların atılmasıdır”.
Bu fikirləri ABŞ başda olmaqla, Qərb koalisiyası ilə Azərbaycan arasındakı münasibətlərin mövcud durumunu və perspektivini dəyərləndirən sabiq dövlət katibi Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, indiki dönəmdə Qərblə Azərbaycan arasında münasibətlərdəki gərginlik özünün pik həddinə çatıb:
“Bununla belə, Qərblə Azərbaycan arasında münasibətlər artıq yumşalma mərhələsinə daxil olub. ABŞ Dövlət Katibi Blinkenin Azərbaycan prezidentinə telefon zəngi, eləcə də onun köməkçisinin Bakıya səfəri, dövlət başçısı ilə görüşü və aparılan danışıqların əhəmiyyətli olmasını vurğulaması deməyə əsas verir ki, tərəflər münasibətlərin yaxşılaşdırılması ilə bağlı bir sıra prinsipial məsələlərdə razılığa gəliblər.
ABŞ üçün ən prinsipial məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması, insan haqları və demokratiya ilə bağlı addımların atılmasıdır. Qeyd olunan razılaşmaların ilkin əlamətləri artıq özünü praktikada da göstərməkdədir. Azərbaycan erməni əsirlərin böyük hissəsini geri qaytardı.
Eyni zamanda, bu aralar Ermənistanın baş naziri Nikol Paşinyan da ilk baxışda çox səmimi açıqlamalar verməkdədir. Belə görünür ki, sülh müqaviləsinin mətninə ermənilərin Qarabağa qayıtmaları ilə bağlı müddüa salınmayacaq. Əks təqdirdə, Azərbaycan da qərbi azərbaycanlıların Ermənistana qaytarılması barədə iddia irəli sürəcək.
Yəni təxmin edildiyi qədər, tərəflər arasında sülhlə bağlı prinsipial məsələlər razılaşdırılıb və müqavilənin imzalanması üçün ciddi əngəl qalmayıb. Bir əngəl var, o da Rusiyadadır. Rusiya çalışır ki, sülh müqaviləsinin imzalanması Moskvanın patronajlığı ilə baş tutsun.
Bu səbəbdən də, Azərbaycan və Ermənistan artıq vasitəçilər olmadan sülh müqaviləsinin imzalanması variantına üstünlük verməyə başlayıb. İndiyə qədər bəzi məsələlər ikitərəfli görüşlər əsasında öz həllini tapıb. Yəqin ki, bundan sonra da proseslər həmin məcrada davam edəcək”.
Səxavət Məmməd
www.yenicag.az