Azərbaycan QHT-ləri bu gün ən məhsuldar dövrünü yaşayır
Natəvan Abbaslı: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin yaranmasından ötən dörd ilə nəzər saldıqda biz vətəndaş cəmiyyəti üçün çox faydalı bir dörd ilin arxada qaldığını deyə bilərik
“Dövlətdə davamlılıq əsasdır. Ancaq bu davamlılıq innovativ yeniliklərlə müasir dövrün tələblərinə cavab vermirsə, o sahədə geriləmə olur. Azərbaycanda vətəndaş cəmiyyəti, QHT sektorunun tarixi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaşından çox-çox böyükdür. Agentlik yaranana qədər də vətəndaş cəmiyyəti neçə-neçə mərhələdən keçib. Buna baxmayaraq, əminliklə deyə bilərik ki, Azərbaycan QHT-ləri bu gün ən məhsuldar dövrünü yaşayır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Qızılbaş”’ Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı deyib.
Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin yaranmasından ötən dörd ilə nəzər saldıqda isə biz vətəndaş cəmiyyəti üçün çox faydalı bir dörd ilin arxada qaldığını deyə bilərik: “Gəlin, açıq danışaq ki, QHT sektorunda kağız üzərində layihə icrasından tutmuş bir çox iddilar-ittihamlar bu dörd ildə arxada qaldı. Çünki Agentlik dəqiq iş tələb edir və yeni oyun qaydalarıyla bacarmayanlar ələnir. Eyni zamanda bu dörd il QHT sektorunun beynəlxalq əməkdaşlıq perspektivləri baxımından da çox faydalı oldu. Belə ki, Agentlik və QHT-lər BMT, ATƏT kimi nüfuzlu tribunalardan çıxış imkanları əldə etdilər. Başda Türkiyə, Özbəkistan və başqa ölkə QHT-ləri ilə əməkdaşlıqların təməli atıldı”.
N.Abbaslı deyib ki, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən COP29 zamanı da başda agentlik və Milli QHT Forumu olmaqla, Azərbaycan vətəndaş cəmiyyəti ən məhsuldar işləyənlər sırasında oldu: “Müxtəlif ölkələrdən olan QHT rəhbərləri ilə keçirilən görüşlər, seminarlar QHT-lərimiz üçün çox ciddi məktəb oldu. Bizim “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi daha çox beynəlxalq sahədə fəaliyyət göstərdiyi üçün bu barədə rahatlıqlı deyə bilərəm ki, məhz Agentliyin bu dörd ildəki beynəlxalq sahəyə göstərdiyi diqqət və qayğı cənab Prezidentin dəfələrlə vurğuladığı xarici media və ictimaiyyətlə sağlam əlaqələrin qurulmasına dair tövsiyyəsinin ruhuna tam uyğundur”.