Azərbaycan regionun YENİ AKTORUDUR: “Əgər Ermənistan dövlət kimi mövcud olmaq istəyirsə...”
“Sürətli inkişaf nəticəsində qlobal mənada artıq Azərbaycan böyük nüfuz sahibidir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, Azərbaycanın regionda artan və sülh müqaviləsinin perspektivlərindən danışarkən bildirib ki, 44 günlük Vətən müharibəsi, həmçinin bir günlük antiterror əməliyyatları ilə müstəqilliyimizi və suverenliyimizi tam şəkildə bərpa etdik:
“Bu gün dünyanın ən qürurlu xalqlarından birinə və ən güclü ölkələrindən birinə çevrilmişik. Artıq ölkəmiz təkcə Cənubi Qafqaz yox, eyni zamanda, bütün siyasi konfiqurasiyaları müəyyənləşdirən aktor halına gəlib. Sürətli inkişaf nəticəsində qlobal mənada artıq Azərbaycan böyük nüfuz sahibidir. Həmçinin Prezident İlham Əliyev dünya liderləri arasında xüsusi çəkiyə sahibdir. Vətən müharibəsində qazandığımız qələbədən sonra Ermənistan çətin vəziyyətdədir. Əgər bu gün Ermənistanda rasional düşünən insanlar varsa, bilməlidirlər ki, inkişafın yeganə yolu Azərbaycanla sülh sazişi imzalamaqdan keçir. Əlavə olaraq Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq vacibdir. Ermənistan məhz bu amilləri nəzərə alaraq düzgün və məntiqli addımlar atmalıdır”.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan “artıq xəyali Ermənistandan yox, real Ermənistandan danışmalıyıq” açıqlamasın ilə gündəmə gəldi:
“Alqışlanası bəyanatdır, çünki Ermənistanın dövlət kimi mövcudluğunun sual altında olduğu riskini anlayır. Buna baxmayaraq sülhdən tez-tez danışsa və Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirsə də, əməldə fərqli şeylər görürük. Yəni İrəvan sürətlə silahlanmağa davam edir, Hindistan, Fransa və digər ölkələrdən silah alaraq hərbi arsenalını yeniləyir. Düzdür, bu hər bir ölkənin daxili işidir, ancaq həmin silahlar kimə tuşlanıb? Əsas cavab tapılmalı sual budur. Ermənistanın iqtisadiyyatı ağır vəziyyətdədirsə, kənd təsərrüfatı zəifləyibsə, bu resurslar niyə sosial və iqtisadi inkişaf üçün istifadə olunmur? Ermənistan bir tərəfdən sülh mesajları verir, digər tərəfdən isə silahlanır”.
Müsahibimiz əmindir ki, Azərbaycanın konkret tələbləri və təklifləri var:
“ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan qanuni şəkildə imtina. Ermənistanda kim hakimiyyətdə olursa-olsun, sülh dövlət siyasətinin əsas prinsipi olmalıdır və davamlı xarakter daşımalıdır. Paşinyan Minsk Qrupunun fəaliyyətinə son qoyulması məsələsində razılığını dilə gətirir, konstitusiya məsələsi ilə bağlı fikirlər səsləndirir. Lakin bunun nə vaxt baş verəcəyi hələ də qeyri-müəyyəndir”.
“Əgər Ermənistan həqiqətən dövlət kimi mövcud olmaq istəyirsə, daha realist və rasional siyasət yürütməlidir. Xarici dövlətlərin təsirini azaltmalı, öz maraqlarına uyğun qərarlar qəbul etməlidir. Bu da qonşuları, o cümlədən Azərbaycanla sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması və regionda yeni geosiyasi reallığın qəbul edilməsi ilə mümkündür. Əks halda, real addımlar atılmasa, Ermənistan özünü dərin uçuruma aparacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli