Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Respublikasının Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları - Nailiyyətlər və qarşıda duran vəzifələr

Hüquq mühafizə fəaliyyəti xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla hüquqi təsir tədbirlərinin tətbiqi vasitəsilə həyata keçirilən və hüququ mühafızə etmək məqsədi güdən dövlət fəaliyyətidir. Bununla yanaşı, hüquq mühafizə orqanları və xüsusi xidmət orqanları qanunvericilikdə nəzərdə tutulan vəzifələrinə, funksiyalarına və həll etdikləri məsələlərin məzmununa görə digər icra hakimiyyəti orqanlarından köklü şəkildə fərqlənirlər.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlət hakimiyyəti qanunvericilik hakimiyyətinə, icra hakimiyyətinə və məhkəmə hakimiyyətinə bölünmüşdür.

Hüquq mühafizə orqanlarına, məhkəmə hakimiyyətinə daxil olan məhkəmələr və prokurorluq, icra hakimiyyətinə aid edilən isə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları daxildir.

Bəzən hüquq mühafizə fəaliyyəti xüsusi səlahiyyətli orqanlar tərəfindən yalnız cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən fəaliyyət kimi başa düşülür. Lakin hüququn mühafizəsi anlayışı cinayətkarlıqla mübarizə anlayışından xeyli geniş anlayış olduğu üçün bura təkcə qanunazid, ictimai təhlükəli hadisələrlə mübarizə deyil, həm də əcnəbi vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, vəzifəli şəxslərin, sahibkarların, dövlət və qeyri-dövlət müəssisələrinin hüquqlarını və qanunla qorunan mənafelərini pozan, yaxud onları məhdudlaşdıran hər bir hərəkətlə mübarizə və ya onun qarşısının alınması daxildir.

Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarının fəaliyyətlərinin məzmunu və əsas məqsədləri insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd qəsdlərdən qorumaqdan və ədalət mühakiməsinin təmin olunmasından ibarətdir. Həmçinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması hər bir demokratik hüquqi dövlətin başlıca vəzifələrindən biri olduğu üçün hüquq mühafizə orqanlarında əsaslı islahatların aparılması günün ən vacib tələblərindən biridir.

Respublikamızın hüquq mühafizə orqanları sistemində mühüm yer tutan məhkəmənin, prokurorluğun, polisin və digərlərinin uzun illər təşəkkül tapmış mövcud sisteminin, strukturunun və fəaliyyət istiqamətlərinin müasir dövrə uyğun müəyyən edilməsi, onların hüquqi dövlətin prinsipləri ilə uzlaşan dövlət orqanına çevrilməsi hüquqi islahatların ən əsas vəzifələrindəndir.

Demokratik, hüquqi dövlət quruculuğu dövründə, ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, hüquq mühafizə orqanlarında da bir sıra islahatlar aparılmasının zərurliyi nəticəsində bu orqanların cəmiyyətdə roluna yenidən baxılmalı, bu sahədə əvvəlki rejimdən qalma stereotiplərdən imtina edilməli, onların sırf cəza orqanlarından insan hüquqlarının və azadlıqlarının əsl müdafiəçisinə çevrilməsi istiqaməlində mühüm addımların atılması son dərəcədə zəruridir.

Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi quruculuğu yolunda inamla addımlaması, insan hüquqları haqqında beynəlxalq sənədlərə uyğun olaraq öz üzərinə götürdüyü öhdəliklərlin icrasının təmin olunması məqəsdi ilə Azərbaycan Respublikasının hüquq mühafizə sistemində bir sıra islahatlar aparılmış və bir çox qanunlar qəbul edilmişdir. Bütün bu qanunların ana xəttini demokratiya, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri təşkil edir. Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti ilə müəyyən olunur.

Hüquq mühafizə orqanlarının əsas vəzifələri isə qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dövlətin, dövlət və qeyri-dövlət təşkilatlarının, müəssisələrinin, əmək kollektivlərinin və ictimai təşkilatların hüquqlarının və qanunla qorunan mənafelərinin mühafizəsi, cinayətkarlıqla və digər hüquq pozuntuları ilə mübarizə aparmaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd olunur ki, dövlətin ali məqsədi «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir». Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən «Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir».

Hansı dövlət orqanlarının hüquq mühafizə orqanları sırasına aid edilməsi isə hüquq ictimayəti arasında uzun illərdən bəri ən çox müzakirə olunan mövzulardan biridir. Belə ki, bəzi mütəxəssislərin fikrincə bir sıra mərkəzi icra hakimiyyəti orqanlarına hüququ mühafizə orqanı statusunun verilməsi ümumiyyətlə anlaşılan deyil (Məs: Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya xidməti və sairələr kimi).  Hesab edilir ki, bu cür əks mərkəzləşmə effektiv istintaq fəaliyyətinin həyata keçirilməsinə mane olur.

Bunula belə, hansısa mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan kiçik bir qurumun təhqiqat və istintaq fəaliyyətini həyata keçirməsi həmin mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan digər (geofiziki, geoloji, dağ mədən, tikintidə təhlükəsizliyə nəzaət və sairə idarə və təşkilatların) qurumlarının da,  hüququ mühafizə orqanı statusuna malik olmasının heç bir məntiqi izahı yoxdur. (Məs: Fövqəladə Hallar Nazirliyinin strukturuna bir çox mülki idarə və hərbiləşmiş qurumlar daxildir, lakin təkcə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin tərkibində kiçik bir istintaq qrupunun yaradılması ən böyük mərkəzi icra hakimiyyəti orqanının (FHN-nin) hüquq mühafizə orqanı statusu əldə etməsinə səbəb olmuşdur).

Bəzi mütəxəssislərin fikrincə, isə bu sahədə beynəlxalq təcrübənin tətbiqinə böyük ehtiyac vardır, belə ki, bir sıra ölkələrdə istintaq və təhqiqat fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər (Xüsusi Xidmət orqanları istisna olmaqla) mərkəzi icra hakimiyyəti orqanlarından alınaraq  yeni yaradılmış vahid və mərkəzləşmiş istintaq və təhqiqat orqanına həvalə edilmişdir. Bütün bunlar isə pozulmuş hüquqların bərpa edilməsi üçün hüquq mühafizə orqanları tərəfindən əsaslandırılmış qanuni tədbirlərin operativ şəkildə görülməsinə və sair neqativ halların qarşısının alınmasına əlverişli şərait yaradır. Vəziyyət həm də onunla mürəkkəbləşir ki, indiki dövrdə qanunların və digər normativ aktların təzələnmə prosesi davam edir. Bu proses həm dövlətin hüquq mühafizə funksiyasını həyata keçirməyə və müvafiq orqanların təşkili və əsaslarına aid olan qanunvericiliyin daim təzələnməsində, həm də qanunvericiliyin tətbiqolunma təcrübəsinin yeniləşdirilməsində özünü göstərir.

Hal-hazırda Azərbaycan Respublikasında doqquz hüquq mühafizə orqanı vardır. Əsas hüquq mühafizə orqanları Azərbaycan Respublikası Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik xidmətidir. Bu üç dövlət orqan geniş əhatəli səlahiyyətlərə malik olsa da, digər altı hüquq mühafizə orqanı isə (Dövlət Miqrasiya Xidməti istisna olmaqla) öz spesifik sahələri üzrə baş verən cinayətləri daxili təhqiqatlar idarələri vasitəsilə araşdırmaq üzrə səlahiyyətlərə malikdirlər.

Bu dövlət orqanlarına isə aşağıdakılar daxildir: Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Miqrasiya Xidməti.

Azərbaycan Respublikası Prokurorluğu – Məhkəmə hakimiyyətinin tərkib hissəsi olan Azərbaycan Respublikasının Prokurorluğu istintaq aparmaq, əməliyyat-axtarış tədbirləri həyata keçirmək, digər hüquq mühafizə orqanları tərəfindən qanunların icra və tətbiq edilməsinə nəzarət etmək və məhkəmələrdə dövlət ittihamını müdafiə etmək, məhkəmədə iddia qaldırmaq; məhkəmə qərarlarından protest vermək səlahiyyətlərinə sahibdir. “Prokurorluq haqqında” qanuna görə Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Daxili İşlər Nazirliyi – Daxili İşlər Nazirliyi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində fəaliyyət göstərən, hüquq-mühafizə orqanı statusuna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Təhlükəsizlik Xidməti – Kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı və hüquq-mühafizə orqanı statusuna malikdir.

Bu fəaliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi – Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-ci il tarixli 391 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Gömrük Komitəsi – Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusuna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Fövqəladə Hallar Nazirliyi –  Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli 394 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dənizhidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra – fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən, hüquq mühafizə orqanı statusuna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Sərhəd Xidməti – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası prezidentinin 31 iyul 2002-ci il tarixli 823 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və hüquq mühafizə orqanı statusuna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Vergi Xidməti – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  strukturuna daxil olan qurumdur. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

 

Dövlət Miqrasiya xidməti – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. (AR Prezidentinin 8 aprel 2009-cu il tarixli, 76 nömrəli Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir)

 

Azərbaycan Respublikasının Xüsusi xidmət orqanları

Dövlətlərin təhlükəsizliyini təmin etmək, onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanları fəaliyyət göstərirlər.

Bu qurumların əsas vəzifəsi dövlətçiliyə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları keçirmək cəhdlərinə, dövlət əhəmiyyətli obyektlərə, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin zərərsizləşdirilməsindən ibarətdir.

Hal-hazırda Azərbaycan Respublikasında Xüsusi xidmət orqanı statusuna malik iki dövlət orqanı fəaliyyət göstərməkdədir.

 

Dövlət Təhlükəsizlik Xidməti – Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.

 

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır.

Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməklə dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.

www.yenicag.az

33