Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə Yenicag.az-a DSX-nın Mətbuat mərkəzindən bildirilib.
Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunmuş və nəzarətə götürülüb.
Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlamış, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.
Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.
www.yenicag.az