“Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi həm də önləyici addımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında gözlənilən növbədənkənar parlament seçkilərinin keçiriləcəyini dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Elşad Musayev bildirib ki, YAP-ın qərarı doğrudur.
“Qanunvericiliyin tələbinə görə, noyabr ayının 3-də parlament seçkiləri keçirilməlidir. Noyabr ayında Azərbaycanda COP29 kimi böyük beynəlxalq tədbir keçiriləcək. Bununla bağlı önləyici addım atılmalıdır. Hesab edirəm ki, YAP-ın bu qərarı doğrudur. Ermənistan-Azərbaycan münaqişəsi tam sona yetməyib, xarici qüvvələr isə bölgədə gərginlik yaratmaq istəyirlər. Belə olan halda, seçkiləri vaxtından əvvəl keçirməliyik. Necə ki, növbədənkənar prezident seçkiləri keçirdik. O zaman da, bildirdim ki, bu önləyici tədbirdir və keçirilməlidir. İndi də parlament seçkiləri azad, ədalətli şəraitdə keçirilməlidir”, – deyə o bildirib.
Partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin qərarı gözlənilir.
“Bu qərar veriləndən sonra proses başlanılmalıdır. Siyasi partiyalar da bu seçkilərdə iştirak etməlidir.
Hakimiyyətin üzərinə böyük yük düşür. Real vəziyyət və dünyada gedən proseslər nəzərə alınacaq. Azərbaycanda normal seçki keçiriləcək. Parlamentdə olmayan partiyalar arasında tək partiya olduq ki, növbədənkənar prezident seçkilərində iştirak etdik. Seçkiyə qatılmağımızın da partiyanın inkişafına çox böyük xeyri oldu. Təşkilati struktur, təbliğat baxımından böyük imkanlar qazandıq. Seçkilərlə bağlı təbliğat materiallarımız hazırdır. Seçkilərə hazırlaşırıq, dairələri və namizədləri müəyənləşdiririk”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az