Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Yenicag.az xəbər verir ki, “Report”un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib – 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.













