Azərbaycan taekvondo yığması Avropa Oyunlarına medalla başlayıb
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.
İlk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.
Hər 2 çəki dərəcəsində təmsil olunan Azərbaycan millisi günə uğurla başlayıb. Yığmamızın perspektivli taekvondoçularından Patimat Abakarova bürünc medal qazanıb, Məhəmməd Məmmədov Oyunları 5-ci yerdə bitirib.
Taekvondo
Kişilər
58 kq
Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyub. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.
Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
İspan taekvondoçu finala yüksəldiyindən Məmmədov təsəlliverici görüşə qatılıb. Həmyerlimiz 1/4 finaldakı məğlubiyyətin revanşını İlya Kokşintsevdən (Belarus) alıb. Rəqibinə 15:3 hesabı ilə qalib gələn Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Muhamed Ketbi Si (Belçika) qüvvəsini sınayıb. Hesabı idmançımız açsa da, döyüş heç-heçə bitib – 4:4. Bu səbəbdən qalib qızıl xalla müəyyənləşib. İlk zərbə isə rəqibdən gəldiyindən Məmmədov yarışı 5-ci yerdə bitirib.
Qadınlar
49 kq
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançımız özündən 8 yaş böyük olan Avropa çempionunu 4:2 hesabı ilə məğlub edib.
Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayıb. Taekvondoçumuz üçün hər şey yaxşı başlayıb. Abakarova hətta 5:1 hesabı ilə önə də keçib. Lakin görüş 6:6 hesabı ilə başa çatdığından qalib qızıl xalla müəyyənləşib. Həlledici məqamda isə hücuma keçən idmançımız gözlənilmədən zərbə buraxıb – 6:7. Bu isə onun finala çıxmasına mane olub.
Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Sonadək inamla döyüşən təmsilçimiz vaxtından əvvəl qələbə qazanıb – 13:0. Bu medalla taekvondo yığmamız ilk “bürünc”ünü, ümumilikdə isə Azərbaycan yığması 19-cu medalına sahib çıxıb.
Bu bürünc medal yığmamızın ümumilikdə 19-cu mükafatı olub.
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.